Bakı. Trend:
Noyabrın 27-də növbəti ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13 Forumu) hazırlıq və koordinasiya işləri çərçivəsində yerləşmə vasitələri nümayəndələri ilə görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Görüşdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin idarəetmə heyəti və Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun nümayəndələri tərəfindən beynəlxalq forumun təşkilati məsələlərində ümumi yanaşma və standartlar, qonaqların yerləşdirilməsi, xidmət standartları və logistika məsələləri, eləcə də yerləşmə vasitələrinin tədbirə hazırlıq prosesinə vahid koordinasiya çərçivəsində cəlb olunmasının əhəmiyyəti qeyd edilib. Azərbaycanda yerləşmə vasitələrinin bu kimi beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübəsi vurğulanaraq mümkün əməkdaşlıq imkanları diqqətə çatdırılıb.
Bakı, Sumqayıt və Abşeron üzrə 100-dən artıq yerləşmə vasitəsinin nümayəndələrinin iştirak etdiyi görüşdə tədbirə hazırlıqla bağlı müzakirələr aparılıb və müvafiq olaraq sənaye nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, 2026-cı ilin 17-22 may tarixlərində Bakıda təşkil olunacaq WUF13 Forumu sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirinin araşdırılması məqsədilə iki ildən bir keçirilən qlobal platformadır.
