Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6.6% artaraq 2,99 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-oktyabr aylarında yeyinti məhsulları üzrə ixrac 19,8% artaraq 962,1 milyon ABŞ dollarına bərabər olub.
Trend xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın noyabr sayında bildirilib.
İcmala əsasən, 2025-ci ilin yanvar-oktyabr aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 49.6%, meyvə-tərəvəz 30%, kimya sənayesi məhsulları 22.8%, pambıq iplik 8,8%, alüminium və onlardan hazırlanan məmulatlar 3,8% artıb.
Cari ilin on ayında aqrar məhsullar üzrə ixrac 27,5% artaraq 769,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 260 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,1% artaraq 1.03 mlrd ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (276.8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (159,8 milyon ABŞ dolları) ikinci, karbamid (153 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin oktyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (38.9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda xurma (32.7 milyon ABŞ dolları) ikinci, meşə fındığı (23,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin on ayında Rusiya Federasiyasına 968,9 milyon ABŞ dolları, Türkiyəyə 486,3 milyon ABŞ dolları, İsveçrəyə 288,3 milyon ABŞ dolları, Gürcüstana 273,6 milyon ABŞ dolları, Ukraynaya isə 171,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin oktyabr ayında Rusiya Federasiyasına 90 milyon ABŞ dolları, Türkiyəyə 50,6 milyon ABŞ dolları, İsveçrə 40,6 milyon ABŞ dolları, Gürcüstan 28,8 milyon ABŞ dolları, Ukrayna isə 24,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2025-ci ilin yanvar-oktyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton” MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "Export Stream" MMC, “STP Alüminium” MMC,“TABATERRA”QSC, "UYTROP" Məhdud Məsuliyyətli Cəmiyyəti, "P-AQRO" MMC, “HOLCİM” ASC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi,"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “Socar-Dalğıc” MMC, "İstisu" Mineral su zavodu MMC, "Azərbaycan Dəmir yolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti.
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 14,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin oktyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,9 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,9 milyon ABŞ dolları ilə Lüksemburq, 904.8 min ABŞ dolları ilə İsveç, 696,7 min ABŞ dolları ilə Türkiyə, 695,4 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.
