Bakı. Trend:
Cari ilin oktyabr ayının sonuna olan məlumata görə, Azərbaycan rezident maliyyə institutları tərəfindən buraxılmış “American Express” kartları (statistik vahidlərin ödəniş kartları da daxil olmaqla) vasitəsilə ümumilikdə 5,9 min əməliyyat aparılıb və bu əməliyyatların ümumi həcmi 0,9 milyon manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Əvvəlki ay ilə müqayisədə əməliyyatların sayı 1,056 milyon (99,4 faiz), əməliyyatların həcmi isə 26,3 milyon manat (96,7 faiz) azalıb.
Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış “American Express” kartları ilə aparılan əməliyyatların sayı 1,9 milyon, ümumi həcmi isə 1 milyon manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış American Express kartları ilə aparılan tranzaksiyaların sayı 0,5 min və ya 35,7 faiz, tranzaksiyaların həcmi isə 0,1 milyon manat və ya 11,1 faiz artıb.
Qeyd edək ki, rezident kartlarla əməliyyat dedikdə, Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilən bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlarla əməliyyat isə ölkə ərazisində xarici maliyyə institutları tərəfindən buraxılmış kartlarla aparılan tranzaksiyaları əhatə edir.
