Bakı. Trend:
Azərbaycan və Çin kapital bazarının cari vəziyyəti və inkişafı istiqamətində görülən işləri müzakirə ediblər.
Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfər çərçivəsində Çin Kapital Bazarlarının Tənzimlənməsi Komissiyasının (ÇKBTK) sədri Vu Qinq ilə görüşüb.
Görüş zamanı hər iki ölkənin kapital bazarının cari vəziyyəti və inkişafı istiqamətində görülən işlər, kapital bazarında tənzimləyici və nəzarət çərçivələrində dəyişikliklər, bu sahədə innovativ alətlərin tətbiqi və müşahidə olunan texnoloji trendlər müzakirə olunub. İnvestorların sığortalanması və fərdi investorların kapital bazarlarında iştirakının təşviqi istiqamətində görülən işlər barədə məlumat bölüşülüb.
Görüşdə həmçinin Mərkəzi Bank ilə ÇKBTK arasında gələcək əməkdaşlıq perspektivləri və birgə təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
