Bakı.Trend:
BMT-nin baş katibi Antoniu Quterreş Qvineya-Bisaudakı hərbi çevrilişi qınayıb və ölkədə Konstitusiya nizamının dərhal bərpasına çağırıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
"Baş katib Qvineya-Bisauda baş verən hadisələrdən dərin narahatlıq keçirir. O, hərbi qüvvələr tərəfindən həyata keçirilmiş dövlət çevrilişini qətiyyətlə pisləyir. Baş katib Konstitusiya nizamının dərhal və şərtsiz bərpasına, eləcə də həbs edilmiş bütün dövlət məmurlarının azad edilməsinə çağırır",- deyə bəyanatda bildirilir.
Quterreş həmçinin vurğulayıb ki, 23 noyabrda ölkədə keçirilmiş ümumi seçkilərdə xalqın sülh yolu ilə ifadə etdiyi iradənin nəzərə alınmaması demokratik prinsiplərin yolverilməz pozuntusudur.
