Bakı. Trend:
Yunanıstan-Bolqarıstan (IGB) interkonnektorunun operatoru olan ICGB şirkəti interkonnektorun texniki gücünün illik 3 milyard kubmetrdən 5 milyard kubmetrədək artırılmasını nəzərdə tutan genişləndirmə layihəsi üzərində işlərini davam etdirir.
Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
“Genişləndirməyə marşruta artan strateji maraq səbəb olub və Avropanın tədarüklərin çevikliyini və uzunmüddətli sabitliyini təmin etmək məqsədlərinə uyğun gəlir. Layihə hələ şirkət səhmdarlarının müzakirəsində olsa da, ICGB artıq bir neçə addım irəliləyib: satınalmalar strategiyası təsdiqlənib və ilk qazölçmə stansiyasının layihəsi hazırdır. Operator zəruri hazırlıq işlərini tamamlayıb və ABŞ müəssisələri də daxil olmaqla beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlığı davam etdirir; bu maliyyə dəstəyi yekun investisiya qərarını sürətləndirə bilər”, – deyə şirkətdən bildirilib.
ICGB-nin icraçı direktoru Corc Satlas vurğulayıb ki, IGB-nin son iş nəticələri göstərir ki, boru kəməri Cənub-Şərqi Avropada "strateji dayağa” çevrilib.
“Marşrut 2 və 3 layihələrinə verilən müsbət reaksiyalar, regional səviyyədə mayeləşdirilmiş təbii qaz (MTQ) və digər mənbələrə etibarlı və müxtəlif çıxış ehtiyacını təsdiqləyir və Şaquli Qaz Dəhlizinin artan təhlükəsizlik tələblərinə malik bazarlara – Moldova və Ukrayna kimi ölkələrə – tədarükdə əsas rolunu vurğulayır. Bu çevikliyi və davamlılığı təmin etmək ICGB-nin missiyasının əsasını təşkil edir, IGB marşrutu isə bu gün regionun ən önəmli enerji infrastrukturlarından biri kimi təqdim olunur”, – deyə o qeyd edib.
Corc Satlas həmçinin vurğulayıb ki, şirkətin növbəti inkişaf mərhələlərini planlaşdırarkən əsas diqqət etibarlı və çevik şəbəkə yaratmaq üzərindədir ki, bu da marşruta bağlı bütün ölkələr üçün tədarük təhlükəsizliyini gücləndirəcək.
Qeyd edək ki, IGB Yunanıstanın milli qaz nəqliyyat sistemi (DESFA S.A.) və Trans-Adriatik qaz kəməri (TAP AG) ilə Komotini (Yunanıstan) bölgəsində, həmçinin, Bolqarıstanın qaz nəqliyyat sistemi (Bulgartransgaz EAD) ilə Stara-Zaqora bölgəsində birləşdirilib.
Qaz kəmərinin ümumi uzunluğu 182 km, borunun diametri 32 düymdür. Layihə gücü ildə 3 milyard kubmetr qazın Yunanıstan-Bolqarıstan istiqamətində nəqlini nəzərdə tutur, bazar marağı və qonşu qaz nəqliyyat sistemlərinin imkanlarından asılı olaraq bu həcm illik 5 milyard kub metrə qədər artırıla bilər.
