Bakı.Trend:
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan HR İnstitutunun birgə təşkilatçılığı ilə "İnsan kapitalında rəqəmsal yanaşmalar" mövzusunda informasiya sessiyası baş tutub. Tədbirdə dövlət qurumları və özəl şirkətləri təmsil edən insan resursları rəhbərləri, kadr mütəxəssisləri və insan kapitalı üzrə ekspertlərdən ibarət 50-dən çox iştirakçı yer alıb.
Sessiyanın əsas məqsədi insan resursları idarəçiliyində rəqəmsal
xidmətlərin rolunu gücləndirmək, mygov platformasının təqdim etdiyi
imkanlar barədə praktiki məlumat verməkdir.
Tədbir zamanı insan resurlsarı proseslərinin rəqəmsallaşdırılması
ilə təşkilatların İR heyətinin və vətəndaşların təcrübəsinin
sadələşdirilməsi, eyni zamanda işə qəbul və iş zamanı müvafiq
rəsmiləşdirmə prosesləri ilə bağlı "mygov" platformasının verdiyi
töhfə müzakirə olundu və təkliflər dinləndi. Hazırda "mygov"
vasitəsilə rəqəmsal formatda əldə oluna biləcək "Məhkumluq haqqında
arayış", "İş yerindən arayış", sağlamlıq arayışı, hərbi bilet,
diplom, nikah məlumatları, doğum şəhadətnaməsi və s. rəqəmsal
sənədlərin təqdim olunması ilə bağlı mövcud rəqəmsal imkanlar
barədə iştirakçılara ətraflı məlumatlar çatdırılıb. Bu xidmətlərin
insan resursları proseslərində sürət, dəqiqlik və məlumat
təhlükəsizliyi yaratması xüsusilə vurğulanıb.
Görüş çərçivəsində dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi, rəqəmsal idarəetmənin inkişafı və insan resursları sahəsində innovativ yanaşmaların tətbiqi üzrə fikir mübadiləsi aparılıb.
İRİA və Azərbaycan HR İnstitutu gələcəkdə insan resursları sahəsində rəqəmsal bacarıqların artırılması və müasir həllərin tətbiqinə dəstək məqsədilə bu kimi təşəbbüslərin davam etdiriləcəyini qeyd edib.