Bakı. Trend:
8-9 iyul tarixlərində Milli Aviasiya Akademiyasında (MAA) “Süni İntellekt Texnologiyaları və Aerokosmik Problemlər” III Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib.
Trend xəbər verir ki, konfransı açıq elan edən Akademiyanın birinci prorektoru Ədalət Səmədov MAA-nın rektoru, akademik Arif Paşayevin salamlarını iştirakçılara çatdıraraq, uğurlar arzulayıb. Qeyd edib ki, konfransın konseptual və praktiki əsasını Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” təşkil edir.
Akademik Rasim Əliquliyev Süni İntellekt Strategiyası barədə konfrans iştirakçılarına ətraflı məlumat verdi, süni intellekt texnologiyalarının sürətli inkişafını və bu baxımdan konfransın əhəmiyyətini xüsusi vurğulayıb.
Konfransın əsas məqsədi, Azərbaycanın milli süni intellekt strategiyasına dəstək verən praktiki tövsiyələrin hazırlanması, aviasiyanın və aerokosmik sahənin inkişafında süni intellektin rolunun müəyyən edilməsi, süni intellekt vasitəsilə aerokosmik texnologiyaların inkişaf etdirilməsi, gənc tədqiqatçıların bu istiqamətdə yaradıcı potensialının artırılması, alimlərin və sənaye mütəxəssislərinin bir araya gətirilməsi, elmi yanaşma və texnologiyaların müzakirə edildiyi akademik platformaların yaradılmasıdır.
Daha sonra Azərbaycan–İsrail Cəmiyyətinin mədəniyyət üzrə direktoru Yeganə Salman, Odessa Milli Politexnik Universitetinin Kompüter Elmləri İnstitutunun direktoru, professor Svetlana Antoşuk, Azərbaycan–Yaponiya Cəmiyyətinin sədri, professor Xəlil Kələntər çıxış edərək konfransın beynəlxalq elmi əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıblar. İnsan kapitalının formalaşması, nəqliyyat və logistika sistemlərinin idarə olunması, rəqəmsal bacarıqların inkişafında süni intellektin rolundan danışıblar.
Türkiyə, Yaponiya, İsrail, Almaniya, Böyük Britaniya, Qazaxıstan, Ukraynadan tanınmış mütəxəsislər, elmi-tədqiqat institutlarının nümayəndələri, texnologiya şirkətlərinin təmsilçiləri və süni intellekt sahəsində fəaliyyət göstərən ekspertlərin iştirak etdiyi konfrans çərçivəsində 80-dən çox elmi məruzə dinlənildi, dəyirmi masa, tematik panel və təqdimat keçirildi. Milli Aviasiya Akademiyasında yeni yaradılmış Süni İntellekt Klubunun da təqdimatı olub.
İki gün davam edən beynəlxalq konfransda “Aviasiya sistemlərində süni intellekt, “Aerokosmik monitorinq problemlərinin həllində süni intellekt texnologiyaları”, “Süni intellekt simulyatorları və öyrənmə prosesi”, “Aviasiya təhlükəsizliyində süni intellekt texnologiyaları”, “Süni intellektin tətbiqinin sosial və hüquqi probləmləri”, “İqtisadiyyat və menecmentdə süni intellektin innovativ tətbiqləri” kimi mövzular müzakirə olunub.
Tədbirə Azərbaycanın müxtəlif regionlarından, o cümlədən Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindən 15-dən çox ali təhsil müəssisəsinin nümayəndələri, doktorantlar və gənc tədqiqatçılar qatılıb.