Bakı. Trend:
Yaponiyanın Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun (NICT) və Sumitomo Electric Industries-un tədqiqatçıları saniyədə 1,02 petabayt ötürmə qabiliyyətinə malik yeni internet bağlantısı quraraq dünya rekordu qırıblar.
Trend xəbər verir ki, bu sürət 1 milyon giqabaytdan çox məlumata uyğundur və “Netflix”in bütün arxivini cəmi 1 saniyəyə 30 dəfə endirmək mümkündür.
Yeni texnologiya 19 nüvəli, 0.125 mm diametrli optik lif üzərində qurulub və mövcud infrastrukturla uyğunluq göstərir. Testlər 1808 km məsafədə Berlin ilə Napoli arasındakı məsafəyə bərabər uğurla aparılıb.
Bu irəliləyiş qitələrarası məlumat ötürülməsi üçün yeni nəsil infrastrukturun təməli kimi qiymətləndirilir və optik rabitədə tarixi dönüş nöqtəsidir.
Qeyd edək ki, ekspertlər bu nailiyyəti rəqəmsal dünyanın gələcəyini formalaşdıracaq “post-modern kommunikasiya erası”nın başlanğıcı adlandırır.