...

Azərbaycanın xarici ticarət dövriyyəsi açıqlanıb

İqtisadiyyat Materials 10 İyul 2025 13:27 (UTC +04:00)
Azərbaycanın xarici ticarət dövriyyəsi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 161 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 103 ölkəyə məhsul ixrac olunmuş, 153 ölkədən idxal olunub.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 20 269,1 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 10 304,3 milyon dollarını və ya 50,8 faizini ölkədən ixrac olunmuş məhsulların, 9 964,8 milyon dollarını (49,2 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 339,5 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2024-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,6 faiz artıb, real ifadədə 1,1 faiz azalıb. İdxal real ifadədə 10,3 faiz artıb, ixrac isə 8,8 faiz azalıb.

2025-ci ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı 1407,5 milyon dollar təşkil edib və 2024-cü ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 11,6 faiz artıb, real ifadədə isə 11,4 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsinin 25,5 faizi İtaliya, 11,7 faizi Türkiyə, 10,3 faizi Rusiya, 8,4 faizi Çin, 3,2 faizi Almaniya, 2,6 faizi ABŞ, 2,5 faizi Birləşmiş Krallıq, 2,2 faizi Qazaxıstan, hər biri 2,0 faiz olmaqla Xorvatiya və Rumıniya, hər biri 1,7 faiz olmaqla Yunanıstan, Avstraliya və İsveçrə, hər biri 1,6 faiz olmaqla Çexiya və Gürcüstan, hər biri 1,5 faiz olmaqla Bolqarıstan və Portuqaliya, 1,2 faizi İran, hər biri 1,0 faiz olmaqla Meksika, Özbəkistan və Ukrayna, hər biri 0,9 faiz olmaqla Yaponiya və Niderland, 12,3 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

İxracın 46,6 faizini İtaliyaya, 13,0 faizini Türkiyəyə, 4,1 faizini Rusiyaya, 3,7 faizini Xorvatiyaya, 3,5 faizini Rumıniyaya, 3,0 faizini Yunanıstana, hər biri 2,8 faiz olmaqla Portuqaliya, Bolqarıstan və Çexiyaya, 2,7 faizini Almaniyaya, 2,5 faizini Gürcüstana, 1,7 faizini İsveçrəyə, 1,3 faizini Birləşmiş Krallığa, hər biri 1,2 faiz olmaqla Niderland və İrlandiyaya, 0,9 faizini Serbiyaya, 0,8 faizini Ukraynaya, hər biri 0,7 faiz olmaqla Tailand və İndoneziyaya, 0,5 faizini Danimarkaya, hər biri 0,4 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstana, 2,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (31,5 faiz), Türkiyəyə (17,9 faiz), İsveçrəyə (9,1 faiz), Gürcüstana (8,9 faiz), Ukraynaya (5,4 faiz), Qazaxıstana (3,2 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,1 faiz), ABŞ-a (2,2 faiz), Belarusa (2,1 faiz), Özbəkistana (1,4 faiz), Türkmənistana (1,3 faiz), İtaliyaya (1,2 faiz), Çinə (1,2 faiz), Almaniyaya (1,1 faiz), Kanadaya (1,0 faiz), Estoniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,3 faizi Çin, 17,2 faizi Rusiya, 10,2 faizi Türkiyə, 5,2 faizi ABŞ, 4,2 faizi Qazaxıstan, 3,9 faizi Almaniya, 3,8 faizi Birləşmiş Krallıq, 3,6 faizi Avstraliya, 2,5 faizi İran, 2,2 faizi Meksika, 2,1 faizi İtaliya, 2,0 faizi Özbəkistan, hər biri 1,7 faiz olmaqla Yaponiya və İsveçrə, hər biri 1,6 faiz olmaqla Braziliya və Cənubi Afrika, hər biri 1,5 faiz olmaqla Koreya və Belarus, 1,4 faizi Kanada, 1,2 faizi Ukrayna, 13,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2025-ci ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 35,3 faiz, təzə tərəvəz – 5,7 faiz, kartof – 65,5 faiz, şəkər – 41,7 faiz, bitki yağları – 28,3 faiz, mineral gübrələr – 27,2 faiz, sement klinkerləri – 31,0 faiz, qara metallardan borular – 54,8 faiz, pambıq ipliyi – 23,6 faiz artmış, meyvə və tərəvəz şirələri ixracı isə 22,2 faiz, meyvə və tərəvəz konservləri – 5,9 faiz, tütün – 53,1 faiz, çay – 1,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 37,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 44,4 faiz, pambıq lifi – 9,5 faiz, polipropilen – 9,6 faiz, polietilen – 5,4 faiz, elektrik enerjisi – 27,2 faiz, emal olunmamış alüminium – 5,9 faiz, qara metallardan çubuqlar – 44,2 faiz, bentonit gili – 10,1 faiz azalıb.

2024-cü ilin yanvar-may ayları ilə müqayisədə 2025-ci ilin yanvar-may aylarında buğda idxalı 55,4 faiz, kərə yağı, digər süd yağları və pastaları – 10,2 faiz, xam şəkər – 50,1 faiz, kartof – 20,1 faiz, çay – 22,8 faiz, təzə tərəvəz – 32,6 faiz, siqaretlər – 2,6 dəfə, minik avtomobilləri – 22,1 faiz, məişət kondisionerləri – 28,6 faiz, qara metallardan çubuqlar – 37,4 faiz, rezin şinlər – 28,0 faiz, yük avtomobilləri – 0,1 faiz, mineral gübrələr – 0,7 faiz, mebellər – 0,2 faiz, polietilen – 12,8 faiz, avtobuslar – 2,1 dəfə, polipropilen – 7,7 faiz, məişət soyuducuları – 7,1 faiz artmış, təzə meyvə idxalı isə 16,2 faiz, şokolad və şokolad məhsulları – 2,6 faiz, bitki yağları – 38,4 faiz, unlu qənnadı məmulatları – 6,6 faiz, quş əti və onun əlavə məhsulları – 8,3 faiz, mal əti – 20,1 faiz, dərman vasitələri – 16,3 faiz, polad prokatı – 0,8 faiz, qara metallardan borular – 26,4 faiz, hesablama maşınları, blok və qurğuları – 11,7 faiz, sintetik yuyucu vasitələr – 9,8 faiz, paltaryuyan maşınlar – 6,7 faiz, qara metallardan künclüklər – 5,2 faiz, sement – 7,2 faiz azalıb.

Xəbər lenti

Xəbər lenti