Bakı.Trend:
AYNA tərəfindən taksi sifarişi operatorlarının sürücülər üçün istifadə etdiyi mobil tətbiqlərdə üztanıma funksiyasının tətbiqi istiqamətində daha bir mühüm addım atılıb. SİMA rəqəmsal identifikasiya həlli artıq taksi sifarişi ötürülməsi üçün nəzərdə tutulmuş Bolt, Uber və Yango mobil tətbiqinə inteqrasiya edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nqəliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, hazırda taksi sektorunda diqqət mərkəzində olan məsələlərdən biri qeydiyyatdan keçmiş avtomobildən fərqli nəqliyyat vasitəsilə xidmət göstərilməsi və sürücü profilinin başqa şəxslər tərəfindən istifadəsi hallarının mövcudluğudur. Bolt, Uber və Yango tətbiqinə SİMA texnologiyasının inteqrasiyası bu kimi halların qarşısının alınması istiqamətində mühüm bir addımdır və effektiv nəzarət mexanizmi təqdim edir. Həmçinin sərnişinlərin təhlükəsizliyini təmin etmək və ictimai etimadı artırmaq baxımından da mühüm əhəmiyyət kəsb edir.
İnteqrasiya nəticəsində artıq Bolt, Uber və Yango mobil tətbiqi üzərindən sifariş alan sürücülər mobil tətbiqdə identifikasiyadan keçərkən SİMA-nın biometriya texnologiyası vasitəsilə öz şəxsiyyətlərini təsdiqləyəcəklər.
Bu funksionallıq bir neçə mərhələdə tətbiq olunur:
- Tətbiqə ilkin qeydiyyat zamanı;
- Sistemə yenidən daxil olduqda (re-login);
- Alqoritm əsasında gün ərzində bir neçə dəfə təsadüfi selfi yoxlamaları zamanı (sifariş tələbi gələn zaman, sifariş davam edirsə, sifarişin tamamlanması gözlənilir).
Bu texnologiyanın tətbiqi, sürücülərin şəxsiyyətini real vaxt rejimində təsdiq etməklə qeyri-qanuni profil istifadəsinin qarşısını almağa, eləcə də ictimai təhlükəsizliyi artırmağa xidmət edir.
Qeyd edək ki, “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA xidməti SİMA Rəqəmsal Həllər Platformasına daxildir və həm dövlət qurumlarına, həm də özəl sektora vətəndaşların şəxsiyyətini dəqiq şəkildə müəyyən etmək imkanı verir. Xidmət üz cizgiləri əsasında biometrik identifikasiya apararaq şəxsin kimliyini təsdiqləyir.