...

Daha iki tibb müəssisəsində elektron növbə sistemi qurulub

Cəmiyyət Materials 10 İyul 2025 14:59 (UTC +04:00)
Daha iki tibb müəssisəsində elektron növbə sistemi qurulub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Regionlarda səhiyyə infrastrukturunun müasirləşdirilməsi və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində TƏBİB-in atdığı mühüm addımlardan biri də elektron növbə sisteminin geniş tətbiqidir.

Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, elektron növbə sistemi artıq bir çox rayon və şəhər xəstəxanalarında tətbiq olunmağa başlanılıb və mərhələli şəkildə bütün tabeli tibb müəssisələrini əhatə edəcək. Bu da region sakinlərinin operativ, şəffaf və keyfiyyətli tibbi xidmətə çıxışını daha da asanlaşdıracaq.

Mərhələli şəkildə icra olunan bu proses daha iki tibb müəssisəsində - Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında və Bərdə Rayon Mərkəzi Xəstəxanasında tam yekunlaşıb.

Bundan sonra hər iki tibb müəssisəsində vətəndaşlar tibbi xidmətlərdən əvvəlkindən daha rahat şəkildə istifadə edə biləcəklər.

Tibb müəssisələrində quraşdırılan yeni sistem sayəsində qəbul zamanı yaranan sıxlıq müəyyən qədər aradan qaldırılacaq, insanlar vaxt itkisi olmadan növbəyə yazılacaq və rahatlıqla tibbi xidmətlərdən yararlanacaqlar. Burada elektron növbə monitorlarının quraşdırılması canlı növbənin idarə edilməsinə dəstək verəcək, növbə prosesinin ardıcıllığına nəzarəti təmin edəcək.

Qeyd edək ki, regionlarda yerləşən TƏBİB tabeli tibb müəssisələrinə yalnız şəhər mərkəzlərindən deyil, həm də ətraf kənd və qəsəbələrdən vətəndaşlar müraciət edir. Bu baxımdan, tibbi xidmətlərin elektron növbə sistemi prinsipi əsasında təşkili əhalinin bərabər və fasiləsiz şəkildə tibbi yardımdan faydalanmasına, ümumilikdə isə xidmətlərin hər kəs üçün daha əlçatan olmasına şərait yaradır.

Məlumat üçün bildirək ki, artıq ölkə üzrə 20-dən çox tibb müəssisəsində elektron növbə monitorları quraşdırılıb, elektron növbə sistemi tam işlək vəziyyətə gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti