Bakı.Trend:
Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilməsi işləri davam etdirilir.
Trend xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.
Bakı şəhərində yerləşən düşərgədə uşaqlar üçün milli rəqs dərsləri və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil ediləcək. Həmçinin onlar İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi, dənizkənarı bulvar, Atəşgah məbədi, Yanardağ abidəsi ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı qazanacaqlar.
Belə ki, növbəti günlərdə onların Bakı və bölgələrimizdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunması nəzərdə tutulur. Düşərgə iştirakçıları Qəbələ və Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də tanış ediləcək.
10 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstəriləcək.
Qeyd edək ki, ötən dövrdə ümumilikdə 230-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.