...

İsveçdə miqrasiya naziri ilə bağlı ifrat sağçılıq qalmaqalı: Parlament izahat tələb edir

Dünya xəbərləri Materials 10 İyul 2025 08:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin miqrasiya naziri Yohan Forsselin yaxın qohumunun ifrat sağçı qruplarla əlaqələrinin üzə çıxması ölkədə siyasi qalmaqala səbəb olub.

Trend-in məlumatına görə, İsveçin Sol Partiyası Forsseldən məsələ ilə bağlı parlament qarşısında izahat verməsini tələb edib. Partiyanın deputatı Toni Haddu bildirib ki, vəziyyət tam şəffaflıq tələb edir:

“Əgər başqalarını sərt şəkildə tənqid edirsinizsə, özünüzə ikili standart tətbiq edə bilməzsiniz. Bu, ictimai inamı sarsıdır”.

Qalmaqala səbəb olan məlumatları “Expo” nəşri yayıb. Araşdırma nəticəsində məlum olub ki, nazirin qohumu ifrat sağçı dairələrlə əlaqəli bir neçə sosial media hesabı idarə edib. Onlardan birinə şəxsən Yohan Forsselin də abunə olduğu bildirilir. Nəşr suallarını nazirin qərargahına göndərdikdən sonra həmin hesablar silinib və məxfilik parametrləri dəyişdirilib.

Nazir Forssel məsələ ilə bağlı açıqlamasında bildirib ki, məlumat dərc olunmazdan bir həftə əvvəl bu haqda məlumatlandırılıb və dərhal Təhlükəsizlik Xidmətinə müraciət edib:

“Mən hər cür ekstremizmi qətiyyətlə pisləyirəm və təhlükəsizlik protokollarına uyğun tədbirlər görmüşəm”, – deyə o vurğulayıb.

Parlament sentyabra qədər tətildə olduğundan, Forsselin dindirilməsi yalnız yeni sessiyada mümkün olacaq. Sol Partiya isə məsələni Konstitusiya Komitəsinə rəsmi şəkildə çıxarmağı da istisna etmir.

Xəbər lenti

Xəbər lenti