Bakı. Trend:
İqlim dəyişikliyi son Avropa istiləri zamanı qurbanların sayını üç dəfə artırıb.
Trend bu barədə "Euronews" telekanalına istinadən məlumat verir.
İyul ayının əvvəlindən etibarən Avropada hökm sürən istilər nəticəsində ötən il Valensiyada baş vermiş daşqın qurbanlarından daha çox insan həyatını itirib.
İmperial Kolleci London və London Gigiyena və Tropik Tibb Məktəbinin alimlərinin apardığı ekspress-tədqiqata əsasən, son hərarət dalğası zamanı Avropanın 12 şəhərində təxminən 1500 nəfər antropogen (insan fəaliyyəti nəticəsində baş verən) iqlim dəyişikliyinin təsiri ilə həyatını itirib.
Qalıq yanacaqların yandırılması Avropada havanın temperaturunu 4°C artırıb. Bu da 23 iyun – 2 iyul tarixlərində qeydə alınan yüksək temperaturla əlaqədar ölüm hallarının sayını üç dəfə artırıb.
Bu, ilk dəfədir ki, istilik dalğası üçün ekspress-analiz – yəni iqlim dəyişikliyinin ekstremal hava hadisələrinə təsirini ölçən tədqiqat növü – aparılıb. Tədqiqat yalnız onlarla Avropa şəhərini əhatə etdiyindən, alimlər bildirirlər ki, gerçək ölüm sayı on minlərlə ola bilər.