Bakı. Trend:
İran tərəfi ABŞ-yə nüvə proqramı ilə əlaqədar danışıqlar üçün heç bir təklif irəli sürməyib.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai yerli mediaya açıqlamasında deyib.
İran XİN rəsmisi ABŞ prezidenti Donald Trampın açıqlamasının həqiqəti əks etdirmədiyini bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Tehranın Vaşinqtonla danışıqlara başlamaq üçün müraciət etdiyini deyib.
Əlavə edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.