Bakı. Trend:
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Sammiti çərçivəsində Azərbaycanın Xankəndi şəhərində verilən qlobal mesajlar 570 milyon əhalisi, 2.7 trilyon dollar nominal, 8.9 trilyon dollar real ÜDM-ə sahib olan dövlətləri təmsil edən qurumun mövqeyi idi.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Millət vəkili vurğulayıb ki, son 10 ildə təşkilata üzv ölkələrdə iqtisadi artım 4 faizə yaxın olub:
“2023-cü ildə isə təşkilata üzv dövlətlərinin iqtisadiyyatı orta hesabla 3.7 faiz böyüyüb ki, bu da 2.8 faizlik qlobal artımdan daha yüksəkdir.
Xankəndidə İƏT-in sammitinin təşkil edilməsi regiondakı yeni
düzən fonunda ölkəmizin geosiyasi gücünü bir daha təsdiq edir.
Azərbaycan İƏT-ə üzv ölkələrlə əməkdaşlığı dərinləşir və
münasibətlərin daha da inkişafı ölkəmizin xarici siyasətində
prioritet məsələdir”.
Deputat əlavə edib ki, zəfərdən sonra Xankəndi də daxil olmaqla
Qarabağ və Şərqi Zəngəzurun qurulmasına və inkişafına yalnız dövlət
büdcəsindən 21 milyard manatdan çox vəsait ayrılıb.