Bakı. Trend:
Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər.
Trend xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu 161 nömrəli məktəbdə keçirilən MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi ilə bağlı deyib.
O bildirib ki, metodikaya dair tətbiqi sualların cavablandırılması nəzəri metodiki biliklərlə yanaşı pedaqoji təcrübə də tələb edir.
"Situasiyanı aydın dərk edənlər, pedaqoji duyumu olanlar belə sualları cavablandırmaqda çətinlik çəkmirlər.
Unutmayaq ki, müəllimlərin dərin metodiki biliyi və tətbiq bacarığı şagirdlərin nəticələrində də özünü göstərir", - o qeyd edib.
Direktor müavini müəllimlərə və namizədlərə çağırış edərək metodiki biliklərin həm nəzəri, həm də praktiki tərəfinə daha çox diqqət ayrılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu istiqamətdə bilik və bacarıqların artırılması həm müəllimlərin peşəkarlığını yüksəldəcək, həm də təlim prosesini şagirdlər üçün maraqlı və səmərəli edəcək.