Bakı. Trend:
Prezident İlham Əliyevin medianın inkişafında oynadığı rol barədə noyabr ayında konfrans keçirmək məqsədəuyğundur.
Trend xəbər verir ki, bunu Rusiya TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Ümummilli lider Heydər Əliyevin medianın inkişafındakı rolu” mövzusunda konfransda deyib.
“Bu ilin noyabrında Azərbaycanın böyük Zəfərinin beş ili tamam olacaq. Bu barədə danışacaqlar, bu haqda yazacaqlar. Amma mən Azərbaycanın rəhbərliyinə müraciət etmək istərdim. Düşünürəm ki, noyabrda Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfrans keçirmək məqsədəuyğun olardı. Bu, çox ədalətli və lazımi bir konfrans olar”, – deyə o bildirib.
Qusman vurğulayıb ki, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə verdiyi müsahibələr – peşəkar jurnalist diplomatiyasının, əslində, möhtəşəm bir nümunəsidir.
“Mən bilirəm ki, bu müsahibələrin toplandığı bir kitab var, lakin düşünürəm ki, bu, ayrıca müzakirəyə və təhlilə layiqdir. Əgər belə bir konfrans keçirilsə, mən çox sevinərəm. Qabaqcadan iştirak üçün icazə istəyəcəyəm”, – deyə o əlavə edib.
Mixail Qusman Azərbaycan mətbuatının formalaşmasında Heydər Əliyevin mühüm rol oynadığını vurğulayıb.
“O zaman media, qəzetlər xeyli açıq və şəffaf oldu, çünki Mərkəzi Komitənin Birinci Katibi Heydər Əliyev – respublika rəhbəri vəzifəsinin icrasına başladığı ilk gündən mətbuata xüsusi diqqət yetirirdi. Bakıda möhtəşəm qəzetlər nəşr olunurdu – həm "Bakı fəhləsi", həm də Azərbaycan dilində dərc edilən "Kommunist" qəzeti”, – deyə o bildirib.
Onun sözlərinə görə, bu, Heydər Əliyevin respublikada başlatdığı islahatlara peşəkar jurnalistlərin verdiyi reaksiyanın təzahürü idi.
"O, ilk gündən mətbuatın rolunu və əhəmiyyətini yaxşı anlayırdı. Mən həmişə deyirdim: mətbuat və hakimiyyət şüşə kimidir. O, şəffaf olmalıdır. O, nə təhrif etməli, nə şişirtməli, nə də kiçiltməlidir. Heydər Əliyev daim ona tərəfdar idi ki, xalq hakimiyyəti – onun niyyətlərini, məqsədlərini və nəyə nail olmaq istədiyini aydın şəkildə başa düşsün", – deyə Mixail Qusman vurğulayıb.
Onun sözlərinə görə, regional miqyaslı belə bir şəxsiyyətdən danışarkən anlamaq lazımdır ki, bəşər tarixində belə siyasi nəhənglər çox az olub.
“Mən belə bir nəticəyə gəlmişəm ki, XX əsrdə yalnız iki şəxs “Mən ölkəmi xilas etmişəm” deyə səmimi şəkildə söyləyə bilərdi. Bunu şəxsi keyfiyyətlərinə görə yalnız Çörçill – İkinci Dünya müharibəsindən əvvəl – və Heydər Əliyev deyə bilərdi. Həqiqətən də, bu iki şəxsiyyət iradə və liderlik sayəsində ölkələrini xilas etdilər”, – deyə Qusman əlavə edib.