Bakı. Trend:
Yunanıstan–Bolqarıstan qaz interkonnektorunun (IGB) müstəqil operatoru olan ICGB şirkəti qaz kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsi ilə bağlı bazar marağının qiymətləndirilməsi prosesinin icbari olmayan mərhələsinə start verib.
Bu barədə Trend-ə ICGB şirkətindən məlumat verilib.
“Qonşu qaz nəqli sistemi operatorları ilə sıx əlaqələndirmə şəraitində aparılan qiymətləndirmə IGB-nin texniki ötürücülük qabiliyyətinin ildə 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırılmasının məqsədəuyğun olub-olmadığını müəyyən edəcək. Maraqlı bazar iştirakçıları öz məcburi olmayan müraciətlərini 1 sentyabr 2025-ci ilədək təqdim etməyə dəvət olunurlar”, – deyə şirkətdən bildirilib.
“IGB-nin ötürücülük qabiliyyətinin genişləndirilməsi bütün region üçün strateji addımdır”, – deyə ICGB-nin icraçı direktorları Georgi Satlas və Teodora Georgieva bəyan ediblər.
“Bolqarıstana şaxələndirilmiş təbii qazın çatdırılması üçün ilk marşrut olan IGB Cənub-Şərqi Avropa üçün etibarlı və dayanıqlı enerji təminatında mühüm rol oynayır. Biz bu prosesə sadiqik və tərəfdaşlarımızla birlikdə regionda enerji təchizatının əlaqələndirilməsi və dayanıqlılığını artırmaq niyyətindəyik”.
Bu mərhələ başa çatdıqdan sonra ICGB və qonşu operatorlar hər bir sistemlərarası qoşulma nöqtəsi üzrə tələbin qiymətləndirilməsi ilə bağlı hesabatlar hazırlayacaqlar. Bu sənədlər layihə təkliflərinin hazırlanması, məsləhətləşmələrin aparılması və tənzimləyici orqanlardan təsdiqlərin alınması daxil olmaqla, mümkün növbəti addımlar üçün əsas olacaq.
Qeyd edək ki, Yunanıstan–Bolqarıstan qaz interkonnektoru 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş ICGB AD birgə müəssisəsi tərəfindən idarə olunur. Şirkətin səhmdarları BEH EAD (50%) və IGI Poseidon (50%) şirkətləridir. IGI Poseidon Yunanıstanda qeydiyyatdan keçib və onun səhmləri Yunanıstanın DEPA International Projects (50%) və İtaliyanın Edison S.p.A enerji qrupu (50%) tərəfindən bərabər bölüşdürülüb.
Nizamnaməsinə əsasən, ICGB AD IGB qaz kəmərinin sahibidir, layihənin icrasını maliyyələşdirir, ötürücülük qabiliyyətlərini paylaşdırır və təbii qazın nəqlindən gəlir əldə edir.
IGB qaz kəməri Yunanıstanın Komotini bölgəsində milli qaz nəqli sistemi (DESFA) və Trans-Adriatik Qaz Kəməri (TAP), Bolqarıstanda isə Stara-Zaqora bölgəsində Bolqarıstanın qaz nəqli sistemi (Bulgartransgaz EAD) ilə birləşir. Qaz kəmərinin ümumi uzunluğu 182 km, borunun diametri 32 düym, cari ötürücülük qabiliyyəti isə Yunanıstan–Bolqarıstan istiqamətində illik 3 milyard kubmetr təşkil edir. Bazar marağı və qonşu qaz nəqli sistemlərinin imkanlarından asılı olaraq IGB-nin ötürmə qabiliyyətinin ildə 5 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur.