Bakı. Trend:
Sloveniyanın aparıcı enerji şirkətləri Azərbaycanın yaşıl enerji layihələrində həm investor, həm də alıcı qismində iştiraka dəvət edilib.
Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Lyublyana şəhərində Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumerin müşayiəti, “Geoplin” şirkətinin icraçı direktoru Simon Urbancl, “Petrol Group” şirkətinin İdarə Heyətinin prezidenti Sašo Berger, “Plinovodi” şirkətinin icraçı direktoru Marjan Eberlinc və “HSE” şirkətinin icraçı direktoru Tomaž Štokeljinin iştirakı ilə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlığın inkişafına dair səmərəli müzakirələr apardıq.
Sloveniyanın aparıcı enerji şirkətlərini Azərbaycanın neft-qaz sektorunda geniş əməkdaşlığa, eləcə də yaşıl enerji layihələrində həm investor, həm də alıcı qismində iştiraka dəvət etdik", - deyə, paylaşımda qeyd edilib.