Bakı. Trend
Jurnalistika fakültəsinin tədris proqramı dəyişməlidir, bunun artıq vaxtıdır.
Trend xəbər verir ki, bunu “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans çərçivəsində baş tutan dəyirmi masada çıxışı zamanı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu deyib.
"2025-ci ildən jurnalistika ixtisasının tədris proqramında mühüm dəyişikliklər gözləyirəm. Proqram müasir dövrün tələblərinə cavab verməlidir. Bu, təkcə texnoloji yeniliklərə uyğunlaşma ilə məhdudlaşmır, eyni zamanda informasiya cəmiyyətinin çağırışlarına, yeni peşə standartlarına və jurnalistikanın transformasiyasına cavab verən bir yanaşma tələb edir”, – deyə V. Zifəroğlu vurğulayıb.
Media savadlılığının vacibliyinə toxunan dekan bu sahədə ixtisaslaşmaya ehtiyac olduğunu bildirib:
“Jurnalistika fakültəsində artıq media savadlılığı fənni tədris
proqramına daxil edilib. Lakin bu kifayət deyil. Media savadlılığı
üzrə ixtisaslaşma olmalıdır ki, bu sahədə mütəxəssislər
yetişdirilsin və onlar orta məktəblərdə, universitetlərdə dərs
keçsinlər. Qərbi Avropada media savadlılığı 1940-cı illərin
sonlarından, Türkiyədə isə 1970-ci illərin ortalarından etibarən
orta məktəblərdə tədris olunur.
Bu gün dezinformasiya geniş yayılır. Bunun qarşısını almağın
effektiv yolu media savadlılığının tədrisə inteqrasiya edilməsidir.
Belə olan halda auditoriya həm etibarlı məlumat mənbələrini ayırd
etməyi, həm də aldığı informasiyanı analiz etməyi bacaracaq. Bu,
dezinformasiyanın yayılmasının qarşısını da müəyyən mənada
alacaq.
Yəni artıq media savadlılığı təkcə jurnalistlər üçün deyil,
cəmiyyətin bütün üzvləri üçün zərurətə çevrilib. Bu səbəbdən də
gələcək jurnalistlərə bu sahənin ayrıca öyrədilməsi vacibdir”.
O, əlavə edib ki, müasir medianın sürətlə dəyişdiyi bir dövrdə ənənəvi tədris metodları ilə irəliləmək mümkün deyil və proqramların yenilənməsi, tələbələrin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi əsas hədəflərdən biri olmalıdır.