Bakı. Trend:
Rusiyada Silahlı Qüvvələrin komplektləşdirilmə sistemini sadələşdirən qanun qüvvəyə minib. Sənədə əsasən, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə əsasında xidmətə indi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də qəbul oluna bilərlər.
Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Rusiya Silahlı Qüvvələrində xidmət etmək üçün Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq hüququ bundan sonra vətəndaşlığı olmayan şəxslərə də şamil edilir.
Qanun “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Müdafiə haqqında” və “Hərbçilərin statusu haqqında” qanunlar da daxil olmaqla, bir neçə normativ sənədə dəyişikliklər edir.
Sənədə görə, Müdafiə Nazirliyi vətəndaşlığı olmayan şəxslərlə və əcnəbi vətəndaşlarla müqavilələri hərbi səfərbərlik dövrü başa çatana, hərbi vəziyyət ləğv edilənə və ya hərbi vaxt sona çatanadək bağlaya bilər.