Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə “Patriot” sistemləri üçün 10 ədəd raket-interseptorun dərhal göndəriləcəyinə söz verib.
Trend xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb və mənbələrə istinad edib.
Amerika lideri ilə Ukrayna Prezidenti arasında baş tutan telefon danışığı zamanı Tramp, həmçinin, əlavə tədarük kanallarının axtarılmasında kömək göstərəcəyini bildirib.
Nəşrin məlumatına görə, Tramp bundan əvvəl Almaniya Kansleri Fridrix Merslə də danışıb. Alman lider ABŞ prezidentindən Ukraynaya “Patriot” raket-interseptorlarının tədarükünün “dondurulmasının” aradan qaldırılmasını xahiş edib.
Xatırladaq ki, Tramp bundan əvvəl də Ukraynaya “imkanı daxilində mümkün qədər çox silah” göndərməyə hazır olduğunu bəyan etmişdi.