Bakı. Trend:
Jurnalistika ixtisasının adının və tədris proqramının müasir tələblərə uyğun şəkildə yenilənməsi barədə təklif səsləndirilib.
Trend xəbər verir ki, təkliflə Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans çərçivəsində baş tutan dəyirmi masada çıxış edib.
O bildirib ki, jurnalistika fakültəsinə birinci kursda daxil olan tələbələr adətən romantik düşüncələrlə gəlirlər. Lakin bir müddət sonra anlayırlar ki, bu sahədə romantik yanaşmadan uzaqlaşıb, reallıqları obyektiv şəkildə çatdırmaq mümkündür.
Q.Məhərrəmli təklif edib ki, jurnalistika ixtisasının adı və tədris proqramı müasir tələblərə uyğun şəkildə yenilənməlidir.
Onun fikrincə, sahənin sürətlə dəyişməsi, rəqəmsal medianın inkişafı və jurnalistdən gözlənilən bacarıqların artması bu dəyişikliyi zəruri edir. Klassik fənlərlə müasir jurnalisti yetişdirmək çətinləşdiyindən, proqram həm nəzəri bilikləri, həm də praktiki bacarıqları əhatə etməli, istiqamətlər dəqiq müəyyənləşdirilməlidir.
O hesab edir ki, "Jurnalistika" adının "Kommunikasiya və jurnalistika" kimi daha geniş və əhatəli bir anlayışla əvəzlənməsi bu sahədəki dəyişiklikləri daha dolğun ifadə edər və ixtisasın məzmununa uyğun olar.