Bakı. Trend:
Avropa tərəfləri davamlı şəkildə İranın nüvə müzakirələrinə qayıtmasını istəsələr də, Tehranın nüvə müzakirələrinə qayıtmasından danışmağın heç bir mənası yoxdur.
Trend-in məlumatına görə, bunu İran parlamentinin rəyasət heyətinin üzvü Ruhulla Motəfəkker Azad yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, İsrail və ABŞ-nin İrana hücumundan öncə Avropa tərəflərinin nüvə müzakirələrinin davam etdirilməsi ilə bağlı istəyi məna kəsb edirdi. Lakin hazırda istənilən müzakirə və növbəti addımların heç bir mənası yoxdur.
“Bütün tərəflər bilir ki, İran müzakirə apardığı halda qanunsuz hücuma məruz qalıb. Qarşı tərəflərin sözlərinə heç bir etibar yoxdur”, – deyə o qeyd edib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.