Bakı. Trend:
İyulun 8-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən icra olunan “Azərbaycan QHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək” layihəsinin növbəti – 2ci təlim sessiyası keçirilib.
Trend xəbər verir ki, BAMF-ın baş ofisində keçirilən təlimlərdə ümumilikdə 23 nəfər QHT nümayəndəsi iştirak edib. 3 saata yaxın davam edən sessiyada insan hüquqları üzrə təlimçi-ekspert Sahib Məmmədov “Beynəlxalq insan hüquqları sisteminin icmalı” mövzusunda təqdimatla çıxış edib.
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan QHT-lərinin beynəlxalq səviyyədə təmsilçiliyini artırmaq, onların BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) məşvərətçi status əldə etmələrinə, BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin iş prinsiplərini öyrənmələrinə və müxtəlif istiqamətlərdə beynəlxalq hesabatlar hazırlamalarına dəstək olmaqdır. Ümumilikdə 12 sessiya nəzərdə tutulan təlimlər avqust ayının sonunadək davam edəcək. Layihənin sonunda təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.