Bakı.Trend:
3 iyul 2025-ci il tarixindən etibarən 2025–2026-cı tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilmişdir.
Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə ölkənin ümumi təhsil sistemində keyfiyyətin yüksəldilməsi və peşəkar pedaqoji kadrların seçilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cari ildə bu mərhələdə ümumilikdə 65 572 namizədin iştirakı nəzərdə tutulur. İmtahanlar 3, 4, 8–10 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 44 imtahan mərkəzində təşkil olunur.
Qeyd olunmalıdır ki, imtahanlar tam elektron formada həyata keçirilir. Bu format insan amilindən asılılığı minimuma endirməklə yanaşı, şəffaflığın təmin olunmasına və nəticələrin operativ şəkildə qiymətləndirilməsinə imkan yaradır.
Test mərhələsinin icrası zamanı eyni vaxtda maksimum 10 000 namizədin imtahana qoşulmasına şərait yaradan xüsusi proqram təminatından istifadə olunur. Bu texniki imkanlar sayəsində ölkə üzrə minlərlə namizəd üçün bərabər və fasiləsiz imtahan mühiti təmin edilir.
Test mərhələsi başa çatdıqdan sonra namizədlərin nəticələri proqram təminatı vasitəsilə avtomatik şəkildə hesablanır və dərhal elan olunur.
Qeyd etmək lazımdır ki, ötən il ərzində ümumilikdə 100 000-dən artıq iştirakçı müxtəlif müsabiqə və imtahanlarda elektron şəkildə iştirak etmişdir. Cari ildə isə yalnız müəllimlərin işə qəbulu deyil, həmçinin təhsilverənlərin sertifikatlaşdırılması, direktorların işə qəbulu, yerdəyişmə və digər bu kimi proseslər də daxil olmaqla 100 000-dən artıq şəxsin proseslərdə iştirakı proqnozlaşdırılır. Belə genişmiqyaslı rəqəmsal imtahan mexanizmləri ölkənin təhsil sistemində şəffaflıq, keyfiyyət və ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət edir, eyni zamanda səmərəliliyin və ictimai etimadın artdığını nümayiş etdirir