Bakı.Trend:
Yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq.
Bu barədə Trend-ə ali təhsil müəssisəsindən məlumat verilib.
Bildirilir ki, fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan kompetensiyaya əsaslı 6 illik Tibb (müalicə işi) və 4 illik Tibb bacısı (qardaşı) proqramlarının tədrisi həyata keçiriləcək. Tibb və sağlamlıq elmləri fakültəsində Tibb (müalicə işi) üzrə 70, Tibb bacısı (qardaşı) istiqaməti üzrə isə 30 plan yeri üzrə tələbə qəbulu aparılacaq.
Fakültədə tətbiq ediləcək müasir təhsil modeli tələbələrin
nəzəri biliklərini praktik vərdişlərə çevirməyə imkan yaradacaq.
Eyni zamanda, inteqrə olunmuş və fənlərarası təhsil modeli
vasitəsilə multidissiplinar yanaşmanın inkişafına yönələcək. Bundan
əlavə, tələbələrə tədqiqat aparmaq və liderlik keyfiyyətlərini
inkişaf etdirmək üçün də müxtəlif imkanlar təqdim olunacaq.