Bakı. Trend:
Ermənistanda rusiyalı iş adamı Samvel Karapetyanın tərəfdarları saxlanılıb.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə vəkil Lusina Martirosyan yerli mətbuata açıqlama verib.
“Səhər saatlarından etibarən həm "Ermənistanın Elektrik Şəbəkələri" şirkətinin əməkdaşlarının mənzillərində, həm də istintaq orqanının məlumatına görə, 4 iyulda iş adamını dəstəkləmək üçün keçirilən toplantıda iştirak edən müxtəlif vətəndaşların evlərində genişmiqyaslı axtarışlar aparılıb. Axtarışlardan sonra saxlanılan şəxslər istintaq idarəsinə aparılıb. Hazırda on nəfərin saxlanıldığı barədə məlumatım var”, – deyə o bildirib.
Martirosyanın sözlərinə görə, hüquq müdafiəçiləri səhər saatlarında şəhər istintaq idarəsinin binasına gəlsələr də, onların prosessual hərəkətlərdə iştirakı təmin olunmayıb.
Qeyd edək ki, rusiyalı milyarder, erməni əsilli və "Taşir" şirkətlər qrupunun prezidenti Samvel Karapetyan iyunun 18-də gecə saatlarında İrəvanda saxlanılmışdı. O, iqtidarla kilsə arasında yaşanan gərginlik fonunda Apostol Kilsəsinə açıq dəstəyinə görə Paşinyanın narazılığına səbəb olmuşdu.