...

Əmək sahəsində 17 milli standart layihəsi təsdiqləndi

İqtisadiyyat Materials 8 İyul 2025 17:17 (UTC +04:00)
Əmək sahəsində 17 milli standart layihəsi təsdiqləndi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsis etdiyi “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) növbəti iclası keçirilib.

Bu barədə Trend AZSTAND-a istinadən xəbər verir.

Məlumata görə, iclasda AZSTAND-la yanaşı, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Əmək Müfəttişliyi Xidməti, “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ, “Azərsun Holdinq” MMC, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, “Tabaterra” QSC və “Foton” MMC-nin nümayəndələri iştirak ediblər.

İclas zamanı yeni standart layihələri və əmək sahəsində normativ tənzimləmələrin təkmilləşdirilməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunub.

İclasda 2025-ci il üzrə Fəaliyyət Planına uyğun olaraq 111 standartın hazırlanması prosesinə dair məsələlərə baxılıb. Həmçinin milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması ilə bağlı “2023–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində tədbirlərin icrası müzakirə edilib.

Tədbirdə “Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında” milli texniki reqlamentə əsaslanan standartların işlənməsi, habelə əməyin mühafizəsi sahəsində yeni və mövcud standartların təsdiqi üzrə görüləcək tədbirlərin sürətləndirilməsi məsələlərinə də diqqət çəkilib. Eləcə də “2026–2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramının ilkin layihəsi” barədə məlumat verilib və təkliflər dinlənilib.

Sonda sözügedən Texniki Komitənin cari il üzrə fəaliyyət planına uyğun olaraq hazırlanan 17 milli standart layihəsinin təsdiq edilməsi məqsədilə konsensus əsasında qərar qəbul edilib və yeni standartların hazırlanması üçün tədbirlərin vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti