Bakı.Trend:
Artıq yay tətili səbəbindən tələbələrin əksəriyyəti paytaxtı tərk edərək müxtəlif bölgələrə qayıdırlar. Bu, ictimai nəqliyyatda və şəhərdəki ümumi hərəkətliliyin azalmasından da müşahidə olunur.
Bəs görəsən, bu dövr kirayə mənzil bazarına necə təsir edir? Tələbələrin tərk etdiyi kirayə mənzillərin aqibəti necə olur?
Mövzu ilə bağlı Trend-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, kirayə mənzil bazarında hər il artım qeydə alınır:
"Buna səbəb 2016-cı ildən etibarən qəzalı və istismar müddəti başa çatmış binaların söküntü prosesinin aparılmasıdır. Hazırda paytaxtın bir neçə ərazisində söküntü işləri davam edir. Bu proses əsasən şəhərin mərkəzində və mərkəzə yaxın ərazilərdə yerləşən yaşayış evləri və köhnə binaları əhatə edir. 2040-cı ilə qədər paytaxt ərazisində yüzlərlə köhnə bina və fərdi yaşayış evlərindən ibarət massivlərin sökülməsi planlaşdırılır. Onların bir qismi dövlət ehtiyacları üçün istifadə ediləcək, digərlərində isə yeni yaşayış binaları inşa olunacaq. Ucuz kirayə mənzillər əsasən köhnə binalarda və fərdi yaşayış massivlərində yerləşirdi. Bu tip evlər söküldükcə həmin mənzillər kirayə bazarından çıxmış olur. Onların yerində tikilən yeni binalarda isə kirayə qiymətləri əvvəlkilərlə müqayisədə, təxminən iki dəfə baha olur. Digər tərəfdən, evləri sökülən sakinlərə yeni mənzillər təhvil verilənə qədər təxminən 2-3 il ərzində müvəqqəti olaraq kirayə mənzildə yaşamaq məcburiyyəti yaranır".
Ekspert qeyd edib ki, bütün bu amillər tələbələrin ali təhsil müəssisələrinə yaxın ərazilərdə kirayə ev tapmasını çətinləşdirir:
“Normal şəraitdə 1 otaqlı mənzildə maksimum 2 tələbə qalmalıdır ki, həm rahat yaşaya, həm də dərslərinə normal hazırlaşa bilsin. Lakin bəzən bu cür mənzillərdə 3-4 tələbənin birgə yaşadığını görürük. Bu isə onların həm təhsilin keyfiyyətinə, həm də yaşayış şəraitinə mənfi təsir göstərir. Digər tərəfdən, bir çox tələbə məcbur qalıb Bakıətrafı ərazilərdə ev axtarır. Nəticədə günün bir neçə saatı yollarda keçir, bu da əlavə vaxt itkisi və nəqliyyat xərcləri ilə müşayiət olunur. Əgər vəziyyət dəyişməsə, yaxın gələcəkdə tələbələrin paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərində ev tapması demək olar ki, mümkünsüz olacaq”.
“Köhnə tələbə yataqxanaları yaşayış üçün yararsız olsa da, onların torpaq sahələri mövcuddur. Həmin ərazilərdə daha hündür, müasir və çoxotaqlı yataqxanalar inşa etmək mümkündür. Bu, tələbələrin mənzil problemlərini aradan qaldırmış olar. Tikinti prosesində maya dəyərini artıran əsas amillərdən biri məhz torpaq sahəsidir. Lakin burada üstünlük ondadır ki, söhbət artıq mövcud olan torpaq sahələrindən gedir. Sovet dövründə hər ali təhsil müəssisəsinin yaxınlığında yataqxana şəhərcikləri mövcud idi. Əgər bu yataqxanalar sökülərək müasir formada yenidən inşa olunsa, bir tərəfdən tələbələrin kirayə ev problemi həll olunar, digər tərəfdən isə kirayə mənzil bazarında müəyyən boşluq yaranar ki, bu da qiymətlərin stabilləşməsinə səbəb ola bilər”-E.Fərzəliyev deyib.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə Trend-ə bildirib ki, kirayə mənzil bazarında stabillik hökm sürür.
Onun sözlərinə görə, tələbələrin evlərinə qayıtması nəticəsində bazarda ucuz kirayə mənzil təkliflərinin sayı artıb:
“Amma bunun müvəqqəti olduğunu düşünürəm. Çünki avqustun sonlarından etibarən qiymətlərin yenidən artacağı gözlənilir. Bir çox tələbə hələ də kirayə qaldığı evi boşaltmayıb. Onlar sentyabrda yeni ev tapmaqda çətinlik çəkməmək üçün bir neçə aylıq ödəniş edərək mənzili əvvəlcədən saxlayırlar”.
Ekspert bildirib ki, bu il kirayə mənzil bazarında tələbələrin payı təxminən 20 faiz təşkil edir:
“Lakin boşaldılan mənzillərin payı 10 faiz civarındadır. Bu tendensiya ötən il də müşahidə olunmuşdu. Çünki bir çox tələbə eyni zamanda paytaxtda işlədiyi üçün mənzili tərk etmir. Hazırda bazarda nisbətən stabillik hökm sürür – kəskin qiymət artımı və ya ucuzlaşma müşahidə olunmur. Belə vəziyyətlərdə bahalaşmanın qarşısını qismən almaq mümkün olur. Avqustun sonu – sentyabrın əvvəllərində müvəqqəti qiymət artımı gözlənilsə də, oktyabr-noyabr aylarında qiymətlərin yenidən stabilləşəcəyi ehtimal olunur”.