Bakı. Trend:
Bu ilin birinci rübündə Birləşmiş Krallığın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 405,727 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 37,491 milyon ABŞ dolları və ya 8,5% azalıb. 2024-cü ilin ilk rübündə Birləşmiş Krallıqdan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 443,218 milyon ABŞ dollarına bərabər olub.
Hesabat dövründə Azərbaycandan Birləşmiş Krallığın iqtisadiyyatına 27,815 milyon ABŞ dolları investisiya yatırılıb ki, bu da, illik müqayisədə 3,919 milyon ABŞ dolları, yaxud da 16,4% azdır. Ötən ilin birinci rübündə bu məbləğ 23,896 milyon ABŞ dolları olub.
Cari ilin ilk üç ayında Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Birləşmiş Krallıqdan yatırılan investisiyaların payı 26,7% təşkil edib. Xaricə yatırılan investisiyaların payında isə bu ölkə 8,8%-lik yer tutub.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artım deməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya 4,6% azdır.