Xankəndi.Trend:
Azərbaycanın həyata keçirdiyi "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə və könüllü qayıdışı təmin edilir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu Xankəndidə diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib.
O bildirib ki, bu, müasir tariximizin ən irimiqyaslı sosial proqramlarından biridir.
"Azad olunmuş torpaqlarda hər bir ailə üçün layiqli yaşam şəraiti yaradılır. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında 13 minə yaxın şəxs məskunlaşıb. Bunlar həm keçmiş məcburi köçkünlər, həm də dövlət və özəl sektorda çalışanlar və onların ailə üzvləridir", - deyə S. Qəhrəmanov qeyd edib.