Bakı. Trend:
İsrailin İrana 12 günlük hərbi hava hücumları nəticəsində 700-yə yaxın mülki vətəndaş ölüb.
Trend-in məlumatına görə, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Məhəmməd Rza Zəfərqəndi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkə əleyhinə hərbi hava hücumları nəticəsində, həmçinin, 18 tibb işçisi, o cümlədən, 6 həkim ölüb.
Zəfərqəndi deyib ki, qeyd olunan müddətdə İsrail İranın 7 xəstəxanasını vurub. Bəzi tibb mərkəzləri fövqəladə hallara görə boşaldılıb. Həmçinin, 11 təcili yardım maşını vurulub.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.