...

Azərbaycanla Çin arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün imkanlar böyükdür

Siyasət Materials 29 Aprel 2025 09:07 (UTC +04:00)
Azərbaycanla Çin arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün imkanlar böyükdür

Bakı. Trend:

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bir neçə gün əvvəl Çin Xalq Respublikasına etdiyi dövlət səfəri iki dost ölkə arasındakı əlaqələrin daha da inkişafına yol açan mühüm siyasi hadisə oldu. İlk növbədə onu qeyd etməliyik ki, bu səfər Azərbaycan-Çin strateji münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Eyni zamanda bu səfərin nəticələri, əldə olunan razılaşmalar onu deməyə əsas verir ki, Çin Xalq Respublikası Azərbaycanın müasir dünya nizamındakı rolunu və yerini yüksək qiymətləndirir.

Cənab İlham Əliyev Çinə səfəri zamanı bu ölkənin CGTN (China Global Television Network) telekanalına müsahibəsi də Azərbaycan-Çin münasibətlərinin bu günkü səviyyəsinin və gələcək perspektivlərinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, bu, cənab Prezident İlham Əliyevin 2025-ci ilin ötən dövrü ərzində Çinin media qurumlarına verdiyi sayca üçüncü müsahibəsidir. Bundan əvvəl yanvar ayında CGTN telekanalı Prezident İlham Əliyevdən Davos İqtisadi Forumu zamanı müsahibə almışdı. Aprel ayında isə Çinin Sinxua agentliyi dövlətimizin başçısından müsahibə götürüb. Bütün bunlar Çin Xalq Respublikasında Azərbaycanla əlaqələrə verdiyi böyük önəmdən, o cümlədən Prezident İlham Əliyevin iki dövlət arasındakı münasibətlərə və qlobal məsələlərə dair baxışlarının Çində böyük maraqla qarşılanmasından xəbər verir.

Əlbəttə, Azərbaycan-Çin münasibətlərindən bəhs edərkən birinci növbədə Prezident İlham Əliyevlə Sədr Si Cinpin arasındakı dostluq münasibətlərini xüsusi vurğulamalıyıq. Çünki iki lider arasındakı yüksək səmimiyyətə və qarşılıqlı etimada əsaslanan Azərbaycan-Çin dostluq əlaqələrinin inkişafına və dərinləşməsinə böyük töhfə verir, əməkdaşlığın daha genişlənməsinə xidmət edir. Eyni zamanda Si Cinpin cənab İlham Əliyevi Çinin yaxın dostu adlandırıb. Prezident İlham Əliyevin Sədr Si Cinpinin dəvəti ilə bu günlərdə Çinə etdiyi səfərin dövlət səfəri statusu daşıması da ölkə rəhbərləri arasındakı dostluğun təzahürüdür. Dövlət səfəri münasibətlərin ən yüksək həddini və qonağa göstərilən böyük ehtiramı ifadə edir, bu isə Azərbaycan-Çin münasibətlərinin məzmununa və dinamikasına təsirsiz ötüşmür.

Prezident İlham Əliyevin CGTN telekanalına müsahibəsində də ilk toxunulan məsələlərdən biri dövlətlərarası münasibətlərin və əməkdaşlığın inkişaf dinamikası ilə bağlı oldu. Məlum olduğu kimi ötən ilin iyul ayında Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Sədr Si Cinpinin görüşü Azərbaycan-Çin əməkdaşlığının mühüm hadisəsinə çevrildi. Belə ki, həmin görüş zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Çinə etdiyi dövlət səfəri zamanı isə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalandı. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, beləliklə, münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq:

«Bununla yanaşı, bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı. Bir sözlə, mən deyərdim ki, münasibətlər əladır. Səfər də, həmçinin. Nəticələrdən çox razıyam. İlk olaraq, Sədr Si tərəfindən Çinə dövlət səfərinə dəvət edilməkdən çox şərəfləndim. Buradakı mühit, qonaqpərvərlik, dostluq, eləcə də müzakirələrimizin mahiyyəti həqiqətən çox həvəsləndiricidir. Biz münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq».

Azərbaycanla Çinin coğrafi baxımdan bir-birindən uzaqda yerləşmələrinə baxmayaraq, iki dövlətin əməkdaşlıq gündəliyi xeyli zəngindir. Müsahibədə qeyd olunduğu kimi Çinin idxal baxımından Azərbaycanın bir nömrəli, ticarət dövriyyəsi baxımından isə 4-cü tərəfdaşı olması iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir. Bununla belə Çinin yüksək texnologiyalar sahəsində əldə etdiyi nailiyyətlər, Azərbaycanın isə öz inkişafında innovativ təşəbbüslərə böyük yer verməsi münasibətlərin perspektivləri ilə bağlı yeni imkanlar yaradır. Müsahibədə bu məsələyə toxunan Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanla Çin arasında bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsət var.

Bu il Azərbaycanda BYD markalı elektrik avtobuslarının birgə istehsalına başlanılacaq ki, bu da Azərbaycanla Çin arasında innovativ fəaliyyət sfearasında əməkdaşlığın növbəti göstəricisi olacaq. Bununla yanaşı, Azərbaycanda çinli iş adamları üçün digər biznes imkanları da var. Kosmik sənaye, səhiyyə və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün imkanlar böyükdür. Prezident İlham Əliyevin müsahibədə bildirdiyi kimi, vergilər və müxtəlif hüquqi tələblər baxımından Azərbaycanda biznes qurmaq çox asandır. Sadəcə tərəfləri bir araya gətirməyə və Azərbaycanın biznes imkanları barədə çinli iş adamlarına daha çox məlumat çatdırmağa ehtiyac var.

Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı əldə edilən əsas razılaşmalardan biri də ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında sazişin imzalanmasıdır. Xatırladaq ki, Azərbaycan hələ ötən ildən birtərəfli qaydada Çin vətəndaşlarını vizadan azad edib. Bundan sonra Azərbaycana gələn çinli turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyevin dediyi kimi xaricə səfər edən 150 milyon çinlinin cəmi 1 faizinin Azərbaycana gəlməsi bizim üçün yetərlidir. Eyni zamanda artıq Azərbaycan vətəndaşları da viza almadan Çinə səfər edə biləcəklər. İki dövlət arasındakı dostluğun növbəti təzahürü olan vizadan qarşılıqlı azadolunma həm də Azərbaycan-Çin münasibətlərinin daha da inkişafına xidmət edəcək.

Azərbaycanla Çin arasında əlaqələrin inkişafında əsas rol oynayan amillərdən biri də “Bir kəmər, bir yol” layihəsidir. Azərbaycan özünün mükəmməl nəqliyyat infrastrukturu ilə Çinin bu təşəbbüsünün uğur qazanmasına böyük dəstək verir. Müsahibədə bu mövzuya da toxunan Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan üçün “Bir kəmər, bir yol” təşəbbüsü yalnız bir tranzit marşrutu deyil, biz bu marşrut üzərində həm də şirkətlər qurmaq istəyirik. «Hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır. Əlbəttə ki, biz Çin şirkətlərinə arxalanırıq» -deyə Prezident İlham Əliyev bildirdi.

Azərbaycanla Çin arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün imkanlar böyükdür. Prezident İlham Əliyevin CGTN telekanalına müsahibəsindən göründüyü kimi ölkəmiz Çinlə əməkdaşlığın daha da inkişafı və dərinləşdirilməsi üçün bütün imkanlardan və fürsətlərdən səmərəli istifadə olunmasının tərəfdarıdır. Eyni zamanda görünən odur ki, dövlətimizin başçısı Çinlə əlaqələrin perspektivləri baxımından hər bir məsələyə strateji yanaşır və bu hər iki tərəfə böyük uğurlar vəd edir.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti