Bakı.Trend:
2025-ci ilin iyunun 11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş verən hadisə Cənubi Qafqaz tarixində yeni bir səhifənin başlanğıcını qoydu.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən beş saatlıq görüş bir çoxlarının mümkünsüz saydığı sülhün əlçatan olduğunu nümayiş etdirdi:
"Görüşdə Azərbaycan tərəfdən Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, baş nazirin müavini Mqer Qriqoryan və parlament sədrinin müavini Ruben Rubinyan iştirak ediblər. Ən mühüm razılaşmalardan biri sərhədlərin delimitasiyası məsələsi ilə bağlı oldu. Liderlər bu istiqamətdə əldə olunan irəliləyişləri yüksək qiymətləndirərək müvafiq dövlət qurumlarına əməli tədbirlərin davam etdirilməsi üçün göstəriş verdilər. Zəngəzur dəhlizi də müzakirələrin mərkəzində dayanan əsas məsələlərdən biri oldu. Artıq məlumdur ki, bu layihə yalnız regional deyil, qlobal maraq dairəsindədir. Moskva, Tehran, Brüssel və Vaşinqtonun maraq dairəsində olan bu yol, əslində yeni iqtisadi və siyasi düzənin əsas arteriyası ola bilər. Ermənistan öz suverenliyi və yurisdiksiyası çərçivəsində qərarlar qəbul etməkdə israrlıdır. Bu isə göstərir ki, dəhliz məsələsi yalnız infrastruktura deyil, siyasi iradəyə və beynəlxalq münasibətlərə dair ölçü daşıyır".
C.Xəlilov qeyd edib ki, Azərbaycanın mövqeyi birmənalıdır: bu dəhliz açılmalıdır:
"Lakin Rusiya, İran və digər aktorların mövqeləri hələ tam aydın deyil. ABŞ-ın dəhlizə nəzarət ehtimalı və beynəlxalq aktorların bu məsələdəki rolu isə danışıqlara yeni çalarlar gətirir. Sülh müqaviləsinin 17 maddəsindən 15-nin razılaşdırılması, prosesin nə qədər yetkin mərhələyə çatdığını sübut edir. Əsasən qarşılıqlı iddialardan imtina, sərhəddə xarici qüvvələrin yerləşdirilməməsi, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in funksiyasını itirmiş Minsk Qrupunun ləğvi kimi məsələlər ön plandadır. Ən aktual məsələlərdən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Ermənistan hələ də sənədlərində Azərbaycana qarşı ərazi iddialarına yer verir. Bunun dəyişməsi üçün referendumun keçirilməsi və ərazi bütövlüyünə dair açıq öhdəlik verilməsi vacibdir. Digər əsas məsələ isə ATƏT-in faktiki fəaliyyətsiz Minsk Qrupunun ləğvidir. Azərbaycan artıq bu qurumu tarixin arxivinə göndərməyi təklif edir. Azərbaycan danışıqlarda dəqiq, prinsipial və nəticəyönümlü yanaşma nümayiş etdirərək sülhə sadiqliyini növbəti dəfə ortaya qoydu".
Müsahibimiz bildirib ki, ABŞ Dövlət Departamenti, eləcə də Avropa İttifaqı prosesə açıq dəstək ifadə etdi. Aİ sözçüsü Anitta Hipperin fikirləri də bu mənada əlamətdardır:
“Bu, regionda davamlı sülh və təhlükəsizliyin bünövrəsini qoyacaq”. Bu görüş bir daha sübut etdi ki, sülh üçün yalnız bəyanatlar deyil, konkret təkliflər, real zəmanətlər və davamlı dialoq tələb olunur. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan birbaşa və vasitəçisiz danışıqlar formatı istər sərhədlərin razılaşdırılması, istər azad olunan kəndlərlə bağlı, istərsə də sülh müqaviləsinin detallarında regionda sabitliyin təməlini möhkəmləndirir. Əbu-Dabidə atılan addımlar gerçək barışa aparan yolun başlanğıcıdır. 30 illik münaqişənin, minlərlə insanın həyatına son qoyan faciələrin ardından gerçək sülh görünür. Ermənistan rəhbərliyi bu tarixi fürsəti əldən verməzsə, Cənubi Qafqaz bölünmədən əməkdaşlığa, şübhədən qarşılıqlı etimada keçid edə bilər. Görüş həm də iki lider arasında son vaxtlar müşahidə olunan gərginliklərin yumşaldılmasına və qarşılıqlı anlaşmanın inkişafına töhfə verdi. Dialoqun sakit, səmimi və konstruktiv atmosferdə keçməsi danışıqların məhsuldarlığını artırdı. Veteranlarımız və bütövlükdə cəmiyyətimizin müxtəlif təbəqələri Əbu-Dabi görüşünü Cənubi Qafqazda davamlı sülhə aparan yolun mühüm mərhələsi kimi qiymətləndirir və bu istiqamətdə atılan addımları alqışlayırlar. Veteranlar Əbu-Dabi görüşünü yüksək dəyərləndirərək bildirirlər ki, Prezident İlham Əliyev milli maraqları qətiyyətlə qoruyaraq xalqın etimadını bir daha doğrultdu. Onların fikrincə, bu liderlik təkcə bu günün yox, həm də gələcək nəsillərin sülh və sabitlik şəraitində yaşamaq haqqının təmin olunması istiqamətində atılmış strateji addımdır. Əbu-Dabi görüşü yalnız iki dövlətin deyil, bütün regionun taleyinə təsir göstərə biləcək əlamətdar bir diplomatik hadisə oldu. Əgər Ermənistan Azərbaycanın irəli sürdüyü təkliflərə konstruktiv cavab versə Cənubi Qafqazda yeni bir dövr başlanacaq. Bu dövr qarşıdurmanın deyil, qarşılıqlı əməkdaşlığın; daimi gərginliyin deyil, dayanıqlı sabitliyin dövrü ola bilər. Tarix yenidən - bu dəfə sülhün dili ilə yazılır.