Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) 2025–2029-cu illəri əhatə edən AİB-in Azərbaycanla Tərəfdaşlıq Strategiyasına əsasən, istilik sektorunun karbonsuzlaşdırılması və bərpa olunan istilik mənbələrinin inteqrasiyası sahəsində Azərbaycan hökuməti ilə əməkdaşlıq etməyi planlaşdırır.
Trend bu barədə Asiya İnkişaf Bankına istinadən xəbər verir.
“Azərbaycan məhdud su ehtiyatlarına malik olan və trans-sərhəd sulardan yüksək dərəcədə asılı olan bir ölkədir. Su qıtlığı su sistemlərindəki itkilərlə (təxminən 50%) müşayiət olunur. Su çatışmazlığı regional disproporsiyaları dərinləşdirə və kənd yerlərində yaşayan əhali ilə aztəminatlı təbəqələri qeyri-proporsional şəkildə təsirləndirə bilər. Duzsuzlaşdırma ilə yanaşı, su təhlükəsizliyinin təmin olunması baxımından su itkisi ilə bağlı gəlirsiz su idarəçiliyi (o cümlədən, itkilərin azaldılmasına görə ödəniş nəzərdə tutulan müqavilələr), suyun təkrar istifadəsi və qənaəti son dərəcə vacibdir və AİB bu istiqamətdəki səyləri dəstəkləyəcək”, - sənəddə deyilir.
Bankın analitiklərinin fikrincə, coğrafi informasiya sistemlərindən (CİS) istifadə etməklə xəritələşdirmə, real vaxtda monitorinq sistemləri və yeraltı su ehtiyatlarının idarə olunması kimi rəqəmsal texnologiyaların inteqrasiyası su resurslarının idarə olunmasının səmərəliliyini və fövqəladə hallara hazırlığı əhəmiyyətli dərəcədə artıra bilər.
“Bundan əlavə, AİB 2022-ci ildə qüvvəyə minmiş Enerji resurslarından səmərəli istifadə və enerji səmərəliliyi haqqında Qanunun tətbiqini və enerji səmərəliliyinin artırılmasını dəstəkləyir. Tullantılardan enerji istehsalı və kommunal sistemlərdə enerji səmərəliliyinin artırılması strategiyaları Azərbaycanın tətbiq edə biləcəyi miqyaslana bilən modellərdir”, – deyə strategiyada qeyd olunur.