Bakı. Trend:
Hədəf 2028-ci ilədək “Sənaye 4.0 Hazırlıq Proqramı”ndan daha çox müəssisənin faydalanmasını təmin etməkdir.
Trend xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, ötən il 4SİM tərəfindən “Sənaye 4.0 Hazırlıq Proqramı” bir neçə özəl şirkətdə pilot mərhələdə tətbiq edilib:
"Proqramın başlıca məqsədi dövlət dəstəyi ilə qabaqcıl texnologiyaların tətbiqini stimullaşdırmaq və nəticədə bizneslərin səmərəliliyini və rəqabət qabiliyyətini artırmaqdır. Bu il proqramın əhatə dairəsinin genişləndirilməsi və iştirakçı müəssisələrin sayının artırılması nəzərdə tutulur.
Hədəf 2028-ci ilədək bu imkanlardan daha çox müəssisənin faydalanmasını təmin etməkdir. Forumda iştirak edən sənaye və istehsalat yönümlü müəssisələri “industry4.az” rəsmi internet səhifəsi vasitəsilə proqramla daha yaxından tanış olmağa və qeydiyyat üçün müraciət etməyə dəvət edirəm".