Bakı. Trend:
İnnovasiyaların sürətlə yaradılması və mənimsənilməsi üçün zəruri ekosistemin formalaşdırılması, o cümlədən, yeni nəsil texnoloji həllərin tətbiqi nəticəsində milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması məqsədlərini daşıyan “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb və hazırda hökumətdə baxılmadadır.
Trend xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı tədbirdə deyib.
Nazirin sözlərinə görə, bu təşəbbüsləri daha sistemli və davamlı şəkildə dəyərləndirmək üçün Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası hazırlanıb. Strategiya qlobal texnoloji trendləri və Azərbaycanın inkişaf dinamikasını nəzərə alaraq, biznes, dövlət və cəmiyyət arasında sinerji yaratmaqla iqtisadiyyatın texnoloji transformasiyasını hədəfləyir.
"Artıq dünya dördüncü sənaye inqilabına qədəm qoyub. Süni intellekt, böyük verilənlər, robototexnika, əşyaların interneti və bulud texnologiyaları yalnız texniki yeniliklər deyil, həmçinin iqtisadiyyatların böyümə modelini tamamilə dəyişən amillərdir.
Bu çağırışlar ölkəmiz üçün də aktualdır. Son illərdə bu istiqamətdə atılan addımlar - sənaye və texnologiya parklarının yaradılması, ölkənin sosial-iqtisadi strategiyasında rəqəmsal iqtisadiyyatın əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilməsi, 4SİM Azərbaycan Mərkəzinin açılması və rəqəmsallaşma təşəbbüsləri - bu transformasiyanın bir hissəsidir", - deyə Mikayıl Cabbarov əlavə edib.