Bakı.Trend:
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan vasitəçisiz görüş Cənubi Qafqaz üçün yeni bir səhifənin açıldığını göstərir.
Bu barədə Trend-ə açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Onun sözlərinə görə, bu format Azərbaycanın öz siyasi çəkisini və regiondakı əsas aktor statusunu təsdiqləyir:
“Prezident İlham Əliyevin prinsipial və iradəli mövqeyi nəticəsində Azərbaycan artıq diktə edən tərəfə çevrilib. Görüşün vasitəçisiz baş tutması Azərbaycanın diplomatik gücünün və siyasi nüfuzunun açıq göstəricisidir. Bu addım sülh prosesini bürokratik və maraqlı vasitəçilərin təsirindən uzaqlaşdıraraq, daha rasional və praqmatik platformaya daşıyır. Prezident Əliyev bir daha sübut etdi ki, regionda sabitlik onun strateji baxışlarına bağlıdır. Ermənistan tərəfi üçün bu, həm də reallığı qəbul etmək məcburiyyətidir. Azərbaycanın ədalətli mövqeyi sülhə əsaslı zəmin yaradır”.
T.İsmayılov qeyd edib ki, görüşdəki konstruktiv atmosfer Bakının diktə və revanşizm yox, əməkdaşlıq axtarışında olduğunu göstərdi:
“Prezident İlham Əliyevin açıq siyasi iradəsi sülh gündəmini real kontura saldı. Regionun gələcəyi artıq Qərb və ya Rusiya deyil, Bakı və İrəvan arasında qurulan formatdan asılı olacaq. Əbu-Dabi görüşü həm də göstərdi ki, vasitəçisiz danışıqlar daha səmərəli və şəffafdır. Bu, Azərbaycanın suveren diplomatiyasına verilən beynəlxalq etimadın təzahürüdür. Sülh üçün əsas olan qarşılıqlı etimaddır və Bakı bu etimadı addım-addım formalaşdırır. Ermənistan başa düşməlidir ki, Azərbaycan ərazi bütövlüyü prinsiplərini güzəştə getməz”.
Siyasi şərhçi Turan Rzayev isə saytımıza bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə görüş baş tutdu. Ermənsitan - Azərbaycan sülh gündəliyinin reallaşdırılması istiqamətində bu görüş vacib idi:
"Görüşdə vasitəçi və ya xarici aktorların iştirakı olmadan, liderlərin təkbətək və geniş tərkibdə apardığı danışıqlar formatı diplomatik prosesin keyfiyyətini və dərinliyini artıran əsas faktor idi. Görüşün təxminən beş saata qədər davam etməsi və ardınca hər iki ölkənin Xarici İşlər Nazirliklərinin səsləndirdiyi pozitiv mesajlar göstərdi ki, danışıqlar konstruktiv atmosferdə keçib. Bu, həm də onu sübut edir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün birbaşa təmaslar daha effektiv və məhsuldardır.
Müqayisə üçün deyim ki, Brüssel, Moskva və ya Vaşinqton platformalarında keçirilən görüşlərdə müşahidə olunan kənar təsirlərin burada olmaması danışıqlara daha real, siyasi cəhətdən rasional və kompromisə açıq zəmin yaradıb. Azərbaycan tərəfinin uzun müddətdir irəli sürdüyü əsas diplomatik tezislərdən biri də elə bu idi: vasitəçilərsiz, ikitərəfli formatda aparılan danışıqlar nəticə gətirə bilər. Əbu-Dabi görüşü həm də bu tezisin praktik təsdiqi idi. Prezident İlham Əliyev dəfələrlə bildirmişdi ki, iki ölkə lideri birbaşa dialoq qurduğu zaman daha səmərəli və konstruktiv qərarlar əldə edilir. Əvvəllər baş tutmuş üçtərəfli görüşlərdə bəzi xarici aktorların maraqları, prosesə selektiv müdaxilələr və siyasi təzyiqlər situasiyanı süni şəkildə gərginləşdirirdi. Əbu-Dabi görüşü göstərdi ki, Azərbaycan danışıqların yalnız formatını deyil, eyni zamanda, gündəliyini də real regional reallıqlara əsasən formalaşdırır. Müzakirələrdə sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiya xətlərinin açılması, qarşılıqlı suverenliyin tanınması və gələcək münasibətlərin hüquqi çərçivəyə salınması əsas prioritetlər idi".