Bakı. Trend:
Böyük Britaniyada, o cümlədən, İngiltərənin bir çox bölgələrində növbəti yüksək hərarət dalğası ilə əlaqədar 3-cü dərəcəli – narıncı xəbərdarlıq elan olunub. Dözülməz istidən ölənlərin sayının artacağı istisna edilmir.
Trend xəbər verir ki, bu barədə “The Independent” yazır.
Ən yüksək temperaturun Böyük Britaniyanın mərkəzi bölgələrində qeydə alınacağı gözlənilir. Şimal Şərq, Şimalq Qərb, Yorkşir və Hamber bölgələrində isə temperatur nisbətən aşağı olacaq və bu baxımdan, Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) sarı xəbərdarlıq elan edib.
Agentlik bildirir ki, “təsirə məruz qalan bölgələrdə ciddi fəsadlar, o cümlədən, “ölüm hallarının artması” gözlənilir. Qeyd edilir ki, bu risk xüsusilə 65 yaşdan yuxarı şəxslər və səhhətində problem olanlar üçün daha yüksəkdir. Gənc yaş qrupları da növbəti ən çox təsirlənə biləcək kateqoriyaya daxildir.
Bu, Britaniyada yay mövsümünün sayca üçüncü istilik dalğası olacaq. Bununla belə, mütəxəssislər qarşıdan gələn isti hava şəraitinin iyulun əvvəlində qeydə alınan 35°C temperatur səviyyəsini keçəcəyini gözləmirlər.