...

4SİM tərəfindən Azərbaycan şirkətlərinə tətbiq edilən pilot layihənin nəticələri açıqlanıb

İqtisadiyyat Materials 11 İyul 2025 16:11 (UTC +04:00)
4SİM tərəfindən Azərbaycan şirkətlərinə tətbiq edilən pilot layihənin nəticələri açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi nəzdində fəaliyyət göstərən “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” (4SİM) bir ildən artıq müddət ərzində üç Azərbaycan şirkətində ilkin pilot layihə həyata keçirib. Layihə çərçivəsində bu şirkətlərin biznes prosesləri, texnoloji hazırlığı və institusional qabiliyyətləri təhlil olunub, onların sənaye 4.0-a keçid üçün yetkinlik səviyyəsi qiymətləndirilib. Nəticədə, müasir texnologiyaların tətbiqi üçün strateji yol xəritəsi hazırlanıb. Bu günlərdə isə həmin layihənin ilk nəticələri açıqlanıb.

Trend xəbər verir ki, bu barədə 4SİM-in icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən “Sənaye 4.0 Forumu -- Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı tədbirdə məlumat verib.

Onun sözlərinə görə, artıq üç şirkət öz fəaliyyətində müsbət nəticələr müşahidə edir və növbəti mərhələdə daha çox şirkətin bu prosesə cəlb olunması nəzərdə tutulur.

“Bununla yanaşı, bildiyiniz kimi, Sənaye 4.0-a keçid üçün təkcə texnologiya deyil, həm də insan kapitalı, bilik və bacarıqlar, eləcə də startap həlləri vacibdir. Bu məqsədlə biz müxtəlif tərəfdaşlarla anlaşma memorandumları imzalayırıq.

Altı universitetlə imzalanan bu müqavilə çərçivəsində sənayenin tələblərinə uyğun elmi həllər, tələbələrin bu istiqamətdə hazırlanması, elmlə sənaye arasında əməkdaşlığın gücləndirilməsi və Sənaye 4.0-ın inkişafı əsas istiqamətlərdən biri olacaq.

Digər tərəfdaşlarımız sırasında ABŞ-dan dünyanın ən böyük texnologiya şirkətlərindən olan Honeywell, Yaponiyadan CMC, Türkiyədən Koç Digital və bu ölkənin ən böyük texnologiya mərkəzi olan MEKSA yer alır. Bu qurumlarla da anlaşma memorandumları imzalanıb.

Bundan əlavə, Almaniyada Mercedes-Benz və digər iri şirkətlər üçün xüsusi təlim proqramları hazırlayan Pesto şirkəti ilə də əməkdaşlıq müqaviləsi bağlamışıq.

Bütün bu tərəfdaşlıqlar nəticəsində Bakıda yerləşən Bakı Biznes Mərkəzi Sənaye 4.0 Mərkəzinə çevriləcək. Bu mərkəzə gələn şirkətlər burada müasir istehsal xətləri, robotlar, müxtəlif texnologiyalar, məlumatların idarə olunması sistemləri, bulud texnologiyaları, virtual reallıq, simulyasiya və rəqəmsal əkiz texnologiyaları ilə tanış olacaqlar. Eyni zamanda, müəssisələrin idarə olunması prosesi təqdim ediləcək və aşağı, orta və yuxarı rəhbərlik səviyyələri üçün xüsusi təlim proqramları təşkil olunacaq”, - deyə icraçı direktor əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti