...

AİB Azərbaycanda süni intellektin kənd təsərrüfatı, logistika və energetikya inteqrasiyasına dəstək olacaq

Telekommunikasiya Materials 11 İyul 2025 15:30 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) 2025–2029-cu illəri əhatə edən AİB-in Azərbaycanla Tərəfdaşlıq Strategiyasına əsasən, Azərbaycanda süni intellektin kənd təsərrüfatı, logistika və enerji kimi sahələrə inteqrasiyasına dəstək göstərəcək.

Bu barədə Trend AİB-in qeyd olunan strategiyasına istinadən məlumat verir.

“Süni intellekt, rəqəmsal və data infrastruktur, kibertəhlükəsizlik, innovasiya ekosistemi və rəqəmsal dövlət idarəçiliyini əhatə edən bir sıra təşəbbüslərin icrasına başlayan Azərbaycan üçün rəqəmsal transformasiya iqtisadiyyatın şaxələndirilməsi və inklüziv inkişaf baxımından həlledici önəm daşıyır. Milli Rəqəmsal Nəqliyyat və Logistika Platforması proqramı beynəlxalq yükdaşıma proseslərinin rəqəmsallaşdırılmasını təmin edəcək, əməliyyatların şəffaflığını və sadələşdirilməsini mümkün edəcək”, – sənəddə bildirilir.

AİB hökumətə rəqəmsal və data infrastrukturun daha da inkişaf etdirilməsinə dəstək verəcək. Xüsusilə, bulud texnologiyaları və yaşıl məlumat mərkəzlərinin inteqrasiyası ilə məlumatların idarə olunması, idarəetmə və infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş Süni İntellekt Strategiyasının həyata keçirilməsi nəzərdə tutulur. Bank süni intellektin kənd təsərrüfatı, logistika və energetika kimi sahələrə inteqrasiyasına da dəstək verəcək.

Rəqəmsal innovasiyalar və yeni texnologiyalar sahəsində AİB innovasiya və sahibkarlıq üçün əlverişli mühitin yaradılmasına kömək edəcək, texnoloji startapları, inkubator və akseleratorları dəstəkləyəcək, eyni zamanda innovativ maliyyələşdirmə mexanizmlərini araşdıracaq.

CAREC proqramı çərçivəsində AİB texnoloji startaplar ekosisteminin dəstəklənməsi üçün regional yanaşmanın tətbiqini nəzərdən keçirəcək. Bu, investisiyaların artırılması, kapitalın səfərbər edilməsi, potensialın gücləndirilməsi və bilik mübadiləsi vasitəsilə həyata keçiriləcək. Regional əməkdaşlığın digər istiqamətlərindən biri isə Qara dəniz–Xəzər dənizi sualtı kabel layihəsi olacaq. Bu layihə çərçivəsində AİB bərpa olunan enerji mənbələrinin rəqəmsal infrastruktur və əlaqəliliklə inteqrasiyasına kömək edəcək.

“Azərbaycanın rəqəmsal ekosistemində Milli Məkan Məlumatları İnfrastrukturunun (NSDI) mühüm rolu var. AİB NSDI-nin möhkəmləndirilməsinə, idarəetmə sistemlərinin təkmilləşdirilməsinə, məlumatların standartlaşdırılması, uyğunluğu və istifadəyə hazırlığının təmin edilməsinə, potensialın inkişafına və maraqlı tərəflərin cəlb olunmasına dəstək verəcək,” – deyə bank qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti