Bakı. Trend:
Əsas hədəfimiz klinikalarda təchizatın dayanıqlılığının təmin edilməsi, klinikalara xəstə axının təşkilinin təkmilləşdirilməsi, həkimlərin və tibb bacılarının ixtisas artırılmasını təmin etmək üçün “Davamlı tibbi təhsil” tədbirlərinin həyata keçirilməsi (təlimlər, seminarlarda iştirakın dəstəyi, ezamiyyələr və mentorluq), Azərbaycanda yetişən rezident həkimlərin region xəstəxanalarında çalışmasının stimullaşdırılması, xaricdə çalışan azərbaycanlı mütəxəssislərin region xəstəxanalarının fəaliyyətinə inteqrasiyasının təşkilidir.
Trend xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov bu gün keçirilən geniştərkibli müşavirədə çıxış edərkən deyib.
Çıxışında “Qlobal cərrahiyyə 2030” üzrə Lancet Komissiyasının hələ 2015-ci ildə Londonda Dünya Bankı, ÜST və BMT ilə əməkdaşlıqla təsis edildiyini vurğulayan Araz Nəsirov komissiyanın cərrahiyyə, anesteziologiya, mamalıq və ictimai səhiyyə sahələrindən olan və 30-dan çox ölkəni təmsil edən onlarla mütəxəssisi cəlb edərək dünyada təhlükəsiz, əlçatan və sərfəli cərrahiyyə xidmətlərinin təmin edilməsi üçün strategiya hazırladığını və proqramın məqsədinin 2030-cu ilə qədər bütün dünyada insanların zəruri cərrahi və anestezioloji xidmətlərə çıxışını təmin etmək olduğunu bildirib:
“Proqram çərçivəsində Azərbaycan üçün yol xəritəmiz isə 2027-ci ilə qədər bütün ölkə üzrə “zəruri cərrahiyyə”yə 44 cərrahi prosedur üzrə çıxışın təmin edilməsi, 2028-ci ilə qədər regional xəstəxanalarda “zəruri cərrahiyyə”yə 90 cərrahi prosedur üzrə çıxışın təmin edilməsidir. 2030-cu ilə qədər isə klaster mərkəzlərində yüksək ixtisaslı cərrahi xidmətin təminini həyata keçirməkdir. Bunun üçün əsas hədəfimiz klinikalarda təchizatın dayanıqlılığının təmin edilməsi, klinikalara xəstə axının təşkilinin təkmilləşdirilməsi, həkimlərin və tibb bacılarının ixtisas artırılmasını təmin etmək üçün “Davamlı tibbi təhsil” tədbirlərinin həyata keçirilməsi (təlimlər, seminarlarda iştirakın dəstəyi, ezamiyyələr və mentorluq), Azərbaycanda yetişən rezident həkimlərin region xəstəxanalarında çalışmasının stimullaşdırılması, xaricdə çalışan azərbaycanlı mütəxəssislərin region xəstəxanalarının fəaliyyətinə inteqrasiyasının təşkilidir”.
TƏBİB-in İcraçı direktorunun müavini A.Nəsirov “Mentor Klinika" layihəsinin isə regionlarda tibbi xidmətlərin keyfiyyətini və çeşidini artırmaq, Bakı şəhərindəki xəstəxanaların növbə yüklərini azaltmaq və pasiyentlərin paytaxta axınının qarşısını almaq məqsədilə həyata keçirildiyini də diqqətə çatdırıb:
“Hazırda tibb müəssisələrində ixtisaslı tibbi xidmətlərin bərabər paylanmadığını müşahidə edirik. Layihə çərçivəsində TƏBİB-in tabeliyində olan Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə bir neçə nümunəvi xəstəxananın mentor klinika statusu alaraq müəyyən edilmiş region xəstəxanalarına bilavasitə dəstək göstərməsini nəzərdə tutmuşuq. Layihəni ilkin pilot mərhələdə 1 il müddətində həyata keçirməyi planlaşdırırıq”.