Bakı. Trend:
Qlobal Cənub QHT platforması Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda tərəqqinin katalizatoruna çevrilə bilər.
Trend xəbər verir ki, bunu Cenevrə Universitetinin dosenti, BMT-nin Ağıllı və Dayanıqlı Şəhərlər üzrə Proqramının (Cenevrədə) direktoru Aleksandr B. Hicazi Qlobal Cənub QHT platformasının Bakıda keçirilən “Hərəkətdə həmrəylik: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" mövzusunda təsis konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki,təkcə Dayanıqlı İnkişaf Məqsədlərində təsbit olunmuş müddətlər yox, eyni zamanda 2030-cu ildən sonrakı gələcək vəziyyət də nəzərə alınmalıdır.
“Reallıq ondan ibarətdir ki, biz çevik addımlarla və əhəmiyyətli yaradıcılıq səviyyəsi ilə irəliləməliyik . Və mən hesab edirəm ki, bu bütün bu proseslərin katolizatoru olmağı vəd edən Qlobal Cənub QHT platformasının hesabına mümkün olub”, -deyə Hicazi bildirib.
O, həmçinin Qlobal Şimalın da əhəmiyyət kəsb etdiyini vurğulayıb.
"Qlobal Şimalı dəyərləndirməmək olmaz, çünki orada məqsədlərin müəyyənləşdirilməsi və strategiyanın qurulması zamanı istifadə oluna biləcək və nəzərə alınmalı olan müxtəlif təcrübəyə malik çoxlu həmfikir insanlar tapmaq mümkündür", – deyə Hicazi əlavə edib.
Onun sözlərinə görə, daha bir vacib amil yerli səviyyədə səfərbərlik, potensialın artırılması, lobbiçilik fəaliyyəti və siyasətlərin hazırlanmasıdır.