Bakı. Trend:
Mətbuat Şurasında “Bizim Yol” media qurumunun təsisçisi və baş direktoru, Əməkdar jurnalist, publisist-yazıçı Bahəddin Həzinin 60 illik yubileyi və yaradıcılığının 35-ci ili münasibətilə tədbir keçirilib.
Trend xəbər verir ki, tədbirdə Mətbuat Şurası İdarə Heyətinin üzvləri, millət vəkilləri, yazıçılar, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər B.Həzinin həyat və yaradıcılıq yolundan bəhs edərək onun Azərbaycan mətbuatının formalaşması və inkişafında gördüyü işlərdən söz açıblar. Tədbir iştirakçıları həmçinin, müəllifin yazılarının öz unikallığı ilə seçildiyini diqqətə çatdırıblar.
Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, B.Həzi əməyi, fəaliyyəti ilə gənclərə nümunə və stimuldur:
“Azərbaycan müstəqillik əldə etdiyi illərdə jurnalistikamıza yeni, fərqli, istedadlı bir nəsil gəldi. Onlar həm Azərbaycanın müstəqillik yolunda ilk addımlarını görürdülər, jurnalistikaya sevgi, ideya kimi baxırdılar. Bu nəsil 30 ildən artıq mətbuatda çalışdı və o dövrdə olan problemləri, çətinlikləri yaşadı. O insanlardan biri mətbuatda uzun illər fəaliyyət göstərmiş, əməkdar jurnalist B.Həzinin bu gün 60 yaşı tamam olur. B.Həzi Azərbaycan jurnalistləri içərisində öz peşəkarlığı ilə seçilən nümayəndələrdəndir. Azərbaycan mətbuatının keçdiyi yolu öz həyatında əks etdirən insanlardan biridir. Belə jurnalistlər həm də gənc nəsildə stimul yaradır”.
MEDİA-nın İcraçı direktorunun müavini Natiq Məmmədov çıxışında B.Həzinin əməyinin cəmiyyətdə yüksək qiymətləndirildiyini diqqətə çatdırıb:
“Çox az sayda jurnalist var ki, onun bioqrafiyası elə Azərbaycan mətbuatının bir salnaməsidir. Azərbaycanın bu 30 il ərzində keçdiyi inkişaf yolu, ziddiyyətlər, qalibiyyətlər, problemlər konkret insanların həyat yolunda və xarakterində öz əksini tapıb. B.Həzinin publisistikasına diqqət yetirsək, görərik ki, Azərbaycan, onun jurnalisti hansı mərhələləri adlayaraq bu dövrə gəlib çatıb. Jurnalistin əməyinə verilən ən böyük qiymət oxucuları, ictimaiyyət və onu sevənlərin verdiyi qiymətdir. Bu tədbirdəki izdiham B.Həzinin toxunduğu mövzuların ictimai çəkisi və şəxsiyyətinin mahiyyətini ifadə edir”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı nəzərə çatdırıb ki, B.Həzi çox səmimi insan, gözəl publisistdir. O, xeyli məşəqqətli yollar keçib və yenə də öz kimliyini, duruşunu itirməyib.
“Yeni Nəsil” Azərbaycan Jurnalistlər İttifaqının sədri Arif Əliyevin sözlərinə görə, B.Həzi nadir insanlardandır ki, istedadı ilə təvazökarlığı üst-üstə düşür. Lakin gördüyü işlərlə hər zaman ön sıralarda olmağı bacarıb. A.Əliyev yubilyarın imzasının çıxdığı ilk çap nümunələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bahəddin Həzi çıxışında onun yubiley tədbirinə toplaşan şəxslərə minnətdarlığını bildirib və yeni kitabının müjdəsini verib:
“Çox gözəl ziyalılarımız, dostlarımız, yaradıcı insanlar burada iştirak etdilər. Bu hələ dostlarımızın çox az qismidir. Ürəyimizə hər kəsi sığışdıra bilərik, amma zala sığışdıra bilmirik. Burada iştirak edən, etməyən hər kəsə minnətdaram. Bu mənim üçün çox böyük yaradıcılıq motivasiyası oldu. Düşünürəm ki, bundan sonra da yazıb yaratmaq lazımdır. Yaradıcı sənətin yaşı yoxdur. Bəlkə də, bir təsəllidir ki, 60 yaş böyük rəqəm deyil. Əsl yazmaq elə bundan sonra başlayır. Son illərdə həm dərc olunan, həm dərc olunmayan yazılarımı toplamışam, nəşriyyata vermişəm, “Göy üzünün cazibə qüvvəsi” adlı ikinci kitabım çap olunacaq. O kitab oxunsa, mən də son sözümü demiş sayılacam”.
Sonda Rəşad Məcid Bahəddin Həzini Mətbuat Şurasının diplomu ilə təltif edib.
Qeyd edək ki, Bahəddin Həzi 1965-cil aprelin 28-də Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində anadan olub. O 1983-1990 Bakı Dövlət Universitetində təhsil alıb. Əmək fəaliyyətinə 1989-cu ildə "Xazar” jurnalında ədəbi işçi olaraq başlayıb. B.Həzi 2005-ci ildən isə “Bizim Yol” qəzetinin baş redaktorudur. O, 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.