Bakı. Trend:
Üç taykonavtın olduğu "Şençjou-19" kosmik gəmisi Çin orbital stansiyasından ayrılaraq Yerə dönüş prosesinə başlayıb.
Trend xəbər verir ki, bu barədə Çin İnsanlı Kosmos İdarəsi (CMSA) rəsmi açıqlama yayıb.
Ekipaj üzvləri – Çay Syuçze, Sun Lindun və Van Xaoçzenin bu gün Yerə qayıdacağı gözlənilir. Onların şimal Çində yerləşən Daxili Monqolustan Muxtar Bölgəsindəki "Dunfen" eniş sahəsinə enməsi planlaşdırılır.
Qeyd edək ki, gəmilərin əvvəlki enişi çərşənbə axşamına təyin olunmuşdu. Lakin güclü küləklər səbəbilə təhlükəsizlik məqsədilə geri dönüş təxirə salınmışdı. Hazırda bölgədə hava şəraiti normaya uyğun qiymətləndirilir və eniş üçün əlverişli hesab olunur.
Xatırladaq ki, aprelin 24-də Çin “Şençjou-20” adlı növbəti pilotlu kosmik gəmini orbitə çıxarıb. Yeni taykonavt heyəti – Çen Dun, Çen Çjunjuy və Van Çze orbital stansiyada növbəti altı aylıq missiyaya başlayaraq əvvəlki ekipajı əvəz edib.
Çin tərəfindən inşa edilən və təxminən 400 km yüksəklikdə yerləşən orbital stansiyanın fəaliyyətinin ən azı 10 il davam edəcəyi planlaşdırılır.