Bakı. Trend:
Almaniyada “Forsa” ictimai rəy institutunun son sorğusu ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının reytinq artımının davam etdiyini göstərib.
Trend xəbər verir ki, AfD 26 faiz dəstəklə ilk dəfə olaraq Xristian Demokratlar İttifaqı (CDU) və Xristian Sosialistlər İttifaqı (CSU) blokunu geridə qoyaraq ölkənin ən güclü siyasi qüvvəsinə çevrilib. Hazırda CDU/CSU bloku 24 faiz göstərici ilə ikinci yerdə qərarlaşıb.
Bu vəziyyət CDU sədri Fridrix Mertzin kanslerlik iddialarına ciddi zərbə kimi dəyərləndirilir. Yeni kabinet tərkibinin təqdim olunmasına baxmayaraq, AfD-yə sabit və artan dəstək Mertzin strategiyalarının effektivliyini sual altına alıb.
Digər partiyalara gəldikdə, Sosial Demokratlar Partiyası (SPD) 14 faizlə bir pillə geriləyib, Yaşıllar Partiyası 12 faizlə bir faiz artım göstərib. Sol Partiya 10 faizlə mövqeyini bir qədər gücləndirsə də, Liberal Demokratlar Partiyası (FDP) və Sahra Vaqenknext İttifaqı (BSW) 5 faizlik parlamentə daxilolma həddini aşa bilməyib.