Bakı. Trend:
Almaniyada fəaliyyət göstərən azərbaycanlı bəstəkar, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalova “Piano tədrisində qadın bəstəkarlar” (Komponistinnen im klavierunterricht) adlı beynəlxalq bəstəkarlıq layihəsində ölkəmizi uğurla təmsil edib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, tanınmış kubalı pianoçu Yami Cruz Montero və alman musiqişünası Dr. Ulrike Keilin rəhbərliyi ilə həyata keçirilən layihədə 22 ölkəni – Azərbaycan, Argentina, Avstriya, Almaniya, Braziliya, Kuba, Ekvador, İngiltərə, Fransa, İtaliya, Yaponiya, Meksika, Norveç, Polşa, Rusiya, İspaniya, İsveçrə, ABŞ, Çexiya, Xorvatiya, Uruqvay və Venesuelanı təmsil edən 53 qadın bəstəkar bir araya gəlib.
Soydaşımız solo fortepiano üçün yazdığı 6 saylı prelyudiya ilə layihədə iştirak edən yeganə azərbaycanlı bəstəkar olub.
Layihə çərçivəsində tanınmış pianoçuların ifa etdikləri əsərlər Almaniyanın məşhur ictimai radio kanalı olan “Bayerischer Rundfunk”un səsyazma studiyasında lentə alınıb. Həmin əsərlər əsasında hazırlanmış antologiya kitabları və kompakt diskləri (CD) 2025-ci ildə məşhur “Naxos Records” musiqi şirkəti və “Universal Edition” musiqi nəşriyyatı tərəfindən yayımlanıb.
Qeyd edək ki, Xədicə Zeynalova Bakı Musiqi Akademiyasının, eləcə də Detmold Musiqi Akademiyası və Paderborn Universitetinin məzunudur. Almaniyada beynəlmiləl tərkibli “Bridge of Sound” orkestrinin və “Harmony of Sound” beynəlxalq musiqi festivalının təsisçisi və bədii rəhbəri kimi Azərbaycanın zəngin musiqi irsini xaricdə uğurla təbliğ edir. 2024-cü ildə Almaniyada “İlin ən yaxşı bəstəkarı” adına və “Artist in Residence” nominasiyasına layiq görülən ilk azərbaycanlı bəstəkardır.